Xəbər verdiyimiz kimi, Özbəkistanın Kokand şəhərində II Beynəlxalq Tətbiqi Sənəti Festivalı (21-22 sentyabr) keçirilib.

70 ölkədən dulusçular, sənətşünaslar, ekspertlər, keramika və ağacoyma sahəsi üzrə usta və şagirdləri, tədqiqatçıların iştirak etdiyi festivalda ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

Festival çərçivəsində Kokand şəhərində Beynəlxalq Sənətkarlıq Muzeyi də açılıb. Muzeydə ilkin olaraq Özbəkistanla yanaşı, Çin, Yeni Zelandiya, İran, Qazaxıstan, Qırğızıstan, Hindistan, Tailand, İndoneziya, Malayziya və s. ölkələrdən  sənətkarların əl işlərinin yer aldığı stendlər qurulub.  

Muzeyin rəhbərliyi ilə AMM-in rəhbərliyi keçirilən görüşdə muzeydə gələcəkdə Azərbaycan stendinin də yaradılması ilə bağlı razılıq əldə olunub.

Razılığa əsasən, AMM tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə mədəniyyətimizin təbliği məqsədilə Azərbaycan sənətkarlarının əl işləri toplanılaraq muzeydə stendimizin yaradılmasına başlanılıb.

AMM tərəfindən stendə Azərbaycan xalçası, təkəlduz, kəlağayılar, ağac üzərində oyma ilə hazırlanmış İçərişəhərin və Şuşa qalasını əks etdirən tablo və digər nümunələr hədiyyə edilib.

Yaxın zamanda muzeydə daimi Azərbaycan stendinin açılışı keçiriləcək.