Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) “Səfir saatı” layihəsinin qonağı olub.
Rektor Kamal Abdulla qonağa təhsil ocağı barədə məlumat verib. Qeyd edib ki, ADU tələbələri portuqal dilinə də böyük maraq göstərirlər. Portuqal dilinin öyrənilməsi Braziliya mədəniyyətinin, ədəbiyyatının, tarixinin təbliği deməkdir: “Biz çox istərdik ki, Braziliyada da Azərbaycan mədəniyyəti, dili təbliğ olunsun. Bunun üçün bizim əlaqə qurduğumuz universitetdə Azərbaycan dili ilə bağlı təbliğat işlərinin görülməsi vacib məsələlərdən biridir. Qarşılıqlı müəllim-tələbə mübadiləsi bizə yeni elmi imkanların əldə olunması üçün əlverişli şərait yaradacaq. İnanıram ki, bu istiqamətdə də uğurlu nəticələr əldə edə biləcəyik”.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən səfir ADU ilə elmi əməkdaşlığın perspektivlərindən danışıb. Təhsil ocağında portuqal dilinin tədrisini yüksək qiymətləndirən diplomat “Səfir saatı” layihəsində tələbələrlə görüşdən xoş təəssüratla ayrıldığını deyib.
Görüşdə gələcək elmi əməkdaşlığın yeni imkanları, mədəni tərəfdaşlığın yeni perspektivləri müzakirə olunub.