TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının toplantısı Şuşada keçirildi

 

Xəbər verdiyimiz kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, peşəkar milli teatrımızın yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə 31 oktyabr – 4 noyabr tarixlərində Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir.

Festival çərçivəsində oktyabrın 31-də Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu toplantısı gerçəkləşdi.

Toplantıda TÜRKSOY-a üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, eləcə də təşkilatın müşahidəçi üzvləri Şimali Kipr Türk Cümhuriyyəti və Qaqauz Yerindən (Moldova) dövlət teatrlarının rəhbərləri iştirak edirdi.

Toplantı iştirakçıları əvvəlcə bu il “Türk dünyasının mədəniyyət paytaxt” missiyasını yerinə yetirən qala-şəhərimiz Şuşanın gəzməli-görməli yerləri, tarixi-mədəni abidələri ilə tanış oldular.    

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov iştirakçıları salamladı və TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu toplantısının Şuşada keçirilməsinin əhəmiyyətini vurğuladı. Müşavir qardaş türk respublikalarında teatr sahəsinin inkişafı baxımından toplantını yüksək qiymətləndirdi, tədbirin işinə uğurlar arzuladı. 

Sonra TÜRKSOY-un 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı qonaqları növbəti dəfə Şuşada salamlamaqdan məmnunluğunu ifadə etdi. Təşkilat tərəfindən 2023-cü il üçün Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin əhəmiyyətindən söz açan E.Qafarlı il ərzində Şuşada silsilə tədbirlər keçirdiklərini diqqətə çatdırdı. Dedi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq teatr festivalı türk xalqlarının səhnə sənətinin, dilinin, adət-ənənələrinin təbliğinə böyük töhfə olacaq.

TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının sədri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov 150 yaşlı Azərbaycan milli peşəkar teatrının inkişaf yolundan danışdı. Teatrşünas türk xalqlarının sənət əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi, dram əsərlərinin qarşılıqlı mübadiləsinin əhəmiyyətini vurğuladı.

J.Şanin adına Çimkənd Qazax Akademik Dram Teatrının rejissoru Sultan Srailov çıxışında birgə layihələrin əhəmiyyətindən danışdı. O, həmçinin türk xalqlarının dramaturgiyasının ümumi bazasının yaradılması ilə bağlı təklifini dilə gətirdi.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bu gün ölkəmizin teatr mühitində baş verən yeniliklərdən danışdı. O, TÜRKSOY-un teatr sahəsində həyata keçirdiyi layihələr, Azərbaycan teatrının 150 illik fəaliyyəti, türk respublikaları teatrlarının işbirliyi, qardaş xalqlarımızın müəlliflərinin yaradıcılıq nümunələrinin repertuara daxil edilməsi, rejissor və səhnə rəssamlarının qarşılıqlı mübadiləsi və s. məsələlərlə bağlı fikirlərini bölüşdü.

Türkiyəli yazıçı-dramaturq Mustafa Bal toplantının əhəmiyyətini qeyd etdi, qarşıda duran vəzifələrin uğurla həyata keçiriləcəyinə əminliyini bildirdi.

İssıkgöl Musiqili Dram Teatrının (Qırğızıstan) rejissoru Sveta Abdıkadırova təmsil etdiyi teatrın tarixi və fəaliyyəti, TÜRKSOY tərəfindən təşkil edilən layihələrdə iştirakı ilə bağlı söz açdı.

Qırğızıstandan daha bir nümayəndə – Dövlət Akademik Milli Dram Teatrının direktoru Nazim Mendevayrov isə teatr sahəsinin ümumi problemləri, müasir səhnə prosesləri və Türk dünyası teatrlarının inkişaf məsələlərinə toxundu.

Xarəzm Musiqili Dram Teatrının (Özbəkistan) direktoru Dinarahan İbrahimova ölkəsində təşkil edilən teatr festivalları və digər tədbirlərdə türk teatrlarının iştirakı ilə bağlı danışdı.

Şimali Kipr Türk Cümhuriyyəti Dövlət Teatrlarının müdiri Hakan Elmasoğlu şuranın iclasında ilk dəfə iştiraklarından məmnunluğunu ifadə etdi. O, Şimali Kipr teatrlarının fəaliyyəti, tamaşaçıların teatra cəlb olunması və digər məsələlərdən söz açdı.

Qaqauz Yeri (Moldova) teatrının müdiri Mixail Konstantinov teatrın 1999-cu ildə fəaliyyətə başladığını diqqətə çatdırdı, yaradıcılıq məsələlərinə toxundu. O, kollektivin iki dildə – rus və qaqauz dillərində tamaşalar nümayiş etdirdiyini də söylədi.

Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının direktoru Murad Aradov qardaş ölkələr arasında sənət mübadiləsi, qarşılıqlı səfərlər və ustad dərslərinin təşkilinin əhəmiyyətini vurğuladı.

Çıxışlar dinlənildikdən sonra TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu toplantısının birgə bəyannaməsi imzalandı.

Bəyannamədə türk xalqlarının teatr sahəsində əməkdaşlığının genişləndirilməsi, bu istiqamətdə təcrübə mübadiləsi və digər məsələlər əksini tapıb.

Şuranın 10-cu toplantısının TÜRKSOY tərəfindən 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Türkmənistanın Anev şəhərində keçiriləcəyi diqqətə çatdırıldı.

Sonda toplantı iştirakçılarına sertifikatlar təqdim olundu.

Lalə Azəri