Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda konfrans keçirilib.
Konfransda rayon rəhbərliyi, millət vəkilləri, idarə və müəssisələrin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə Ulu öndərin mərkəzdəki abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi söyləyən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb.
Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının müdiri Azad Rzayev deyib ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi öyrənməli və gələcək nəsillərə ötürülməlidir. Çünki Ulu öndər ölkəmizə rəhbərliyinin hər iki mərhələsində Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutub.
Sonda dahi siyasətçi haqqında sənədli film nümayiş olunub.