Kubada “Heydər Əliyev İli” çərçivəsində tədbirlərin davamı olaraq paytaxt Havanadakı  Marti Teatrında “Qarabağ” musiqi qrupunun iştirakı ilə Azərbaycan muğamı konserti keçirilib. Bu barədə ölkəmizin Kubadakı səfirliyindən bildirilib.

UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Kubadakı səfirliyimizin birgə təşkilatçılığı, Kuba Mədəniyyət Nazirliyi və Havana Şəhər İdarəsinin dəstəyi ilə keçirilən tədbirə rəsmilər, xarici diplomatik korpusun və yerli ictimaiyyətin nümayəndələri qatılıb.

Səfir Ruslan Rzayev salamlama nitqində müasir Azərbaycan tarixinin müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Diplomat tədbir iştirakçılarına Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü haqqında da məlumat verib. Muğamın musiqi mədəniyyətimizdə müstəsna yeri barədə danışan səfir Azərbaycanın muğam sənətinin UNESCO-nun müvafiq siyahısına daxil edildiyini bildirib.

Konsert proqramında “Qarabağ” musiqi qrupunun rəhbəri Xalq artisti Mənsum İbrahimov (xanəndə), Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) ifasında Azərbaycan muğamlarından parçalar, xalq mahnıları, o cümlədən Kuba musiqi nümunəsi səsləndirilib.