Hüseyn Cavidin ev-muzeyində 8 Noyabr – Zəfər Günü münasibətilə “Duydum şöhrətini bütün ellərdə, Zəfər dastanların gəzir dillərdə” (Hüseyn Cavid) devizi altında tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə muzeydən məlumat verilib.
Tədbirdə muzeyin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə biz Vətən müharibəsində böyük Zəfər qazandıq, torpaqlarımız işğaldan azad olundu: “Bu il sentyabrın 19-da antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, suverenliyimiz tam təmin edildi. Biz böyük Qələbəmizlə qürur duyuruq”.
Muzeyin aparıcı elmi işçisi dosent Əzizağa Nəcəfzadə I Qarabağ müharibəsi zamanı ermənilərin qanlı faciələr törətdiklərini bildirib. O, Vətən müharibəsi zamanı xalqımızın qazandığı böyük Qələbənin əhəmiyyətindən danışıb. Şəhidlərin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.
Digər çıxış edənlər də Vətən müharibəsi zamanı əsgər və zabitlərimizin böyük qəhrəmanlıq nümunəsi göstərdiklərini vurğulayıblar.
Sonra tədbir iştirakçıları muzeyin fond materialları əsasında hazırlanmış “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” adlı kitab sərgisi ilə tanış olublar.