AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Bu da nida!” adlı tədbir keçirilib. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bu barədə institutdan bildirilib. Tədbiri açan Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edib. Bildirib ki, bu Zəfər Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir.
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru, Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri filologiya elmləri doktoru Abuzər Bağırov çıxışında iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında və Azərbaycan xalqının dəstəyi ilə tarixi ədaləti bərpa etdiyini deyib. O, çıxışının sonunda ordumuzun Vətən müharibəsindəki möhtəşəm Qələbəsinə həsr etdiyi “Zəfər nəğməsi” poemasından bir parçanı oxuyub.
Əlyazmalar İnstitutunun əməkdaşları akademik Teymur Kərimlinin müəllifi olduğu “Şuşanamə” kitabından Qələbəmizi vəsf edən şeirlər səsləndiriblər.
Musiqisi Abbas Bağırova, sözləri Bayram Yusifova məxsus “Ali Baş Komandanım” zəfər marşı səsləndirilib və musiqisi Əli Behbudzadəyə, sözləri isə Əlyazmalar İnstitutunun əməkdaşı Xatirə Cabbarzadəyə məxsus “Azərbaycan bayrağı” adlı musiqili videokliplər nümayiş olunub.
Tədbir “Xudayar təsnifi”nin sədaları altında yekunlaşıb və iştirakçılar Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı “Bu da nida!” adlı kitab sərgisi ilə tanış olublar.