XİN-dən ABŞ Dövlət Departamentinə cavab
Təəssüflər olsun ki, ABŞ onilliklər ərzində vasitəçi olsa da, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsini, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman bu qədər qətiyyətlə təşviq etməyib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavabında deyilir.
Qeyd olunur ki, ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, eləcə də Qarabağdakı erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib. Əksinə, Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-yə səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib.
Diqqətə çatdırılır ki, məhz ABŞ-nin də iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib.
“Sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir. Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək”, – deyə XİN rəsmisi bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken oktyabrın 31-də Senatın Təxsisatlar Komitəsində çıxışı zamanı, digər məsələlərlə yanaşı, münaqişə nəticəsində Ermənistanda yaranmış ağır humanitar ehtiyacların həlli üçün əlavə maliyyəyə ehtiyac olduğunu bildirib. 2 noyabr tarixində isə Dövlət Departamenti “Amerikanın səsi” xəbər agentliyinin sualına cavab olaraq vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir, bu suverenliyin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq.