Azərbaycan Dünya Səyahət və Turizm Şurasının rəsmi destinasiya tərəfdaşı seçilib. Bu haqda qərar Dünya Səyahət və Turizm Şurasının noyabrın 1-də Ruandanın Kiqali şəhərində keçirilən “Dayanıqlı gələcəyə körpülərin qurulması” mövzusunda Qlobal Sammitdə qəbul edilib.

Noyabrın 3-dək davam edəcək sammitdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də iştirak edir. O, tədbir çərçivəsində Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru xanım Culiya Simpsonla görüşüb. Yeni turizm destinasiyası kimi ölkəmizin tanıdılması, turizmin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Eləcə də tədbir zamanı bir sıra ölkələrin turizm nazirləri və turizm üzrə səlahiyyətli şəxsləri ilə görüşlər keçirilib, cari turizm tendensiyaları üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfdaş ölkə olmaqla, həmçinin Dünya Səyahət və Turizm Şurasının hotellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini özündə birləşdirən “Dayanıqlı Əsaslar” üzrə proqramına da qoşulub.

1990-cı ildə yaradılan Dünya Səyahət və Turizm Şurası turizm üzrə dövlət və özəl sektor təmsilçilərini bir araya toplayan, tərəfdaşlığı təmin edən əsas platformalardan biri hesab olunur.