Rejissor İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi “Ən yaxşı Avropa filmi” nominasiyasında nüfuzlu “Qoyya” mükafatı uğrunda müsabiqəyə qatılıb. Bu, Azərbaycan kinosu tarixində bir ilkdir. Filmi müsabiqəyə Azərbaycan Kinematoqrafçılar İttifaqı təqdim edib.
Dünya premyerası 2021-ci ildə Busan Beynəlxalq Film Festivalında (Cənubi Koreya) baş tutan “Suğra və oğulları” filmi Bakı Media Mərkəzi, “Butafilm”, “Arizona Productions” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalıdır. Ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo (Niderland), quruluşçu operator Ayhan Salar (Almaniya), səs rejissoru Mixael Menzkedir (Almaniya).
İkinci Dünya müharibəsi dövründə Azərbaycanda, ucqar kənddə yaşayan insanların taleyindən bəhs olunan filmdə Günəş Mehdizadə, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə və başqaları çəkilib.
Qeyd edək ki, İspaniya Kino Sənəti və Elmləri Akademiyası tərəfindən təsis olunan “Qoyya” mükafatı “Oskar” (ABŞ), BAFTA (Böyük Britaniya), “Sezar”la (Fransa) yanaşı, kino akademiyaları tərəfindən təqdim edilən ən nüfuzlu mükafatlardandır. Alexandra Amnebar, Pedro Almodovar, Karlos Saura kimi kinorejissorlar bu mükafatın qalibi olublar.