Xəbər verdiyimiz kimi, Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə 1–4 noyabr tarixlərində ölkəmizdə I TÜRKSOY Beynəlxalq Teatr Festivalı keçirilir. Festival Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstandan teatrları bir araya gətirib.
Noyabrın 2-də festivalın müsabiqə proqramında Türkiyə və Özbəkistan teatrlarının tamaşalarını izlədik.
İlk olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İstanbul Dövlət Teatrının “Bir nəfəs Dədə Qorqud” tamaşası nümayiş olundu.
“Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gökçe Kurt Elitez, dekor və geyim rəssamı Dilək Kaplan, musiqi tərtibatçıları Fuad Yıldız və Bəhri Çakır, xoreoqrafı Alpaslan Karadumandır.
Aktyorların canlı olaraq bir neçə alətdə ifası, oyunu və xoreoqrafiyanı kompleks təqdim edən tamaşa bizi uzaq türk keçmişinə apardı, “Dədə Qorqud” dastanında boy verən qəhrəmanları ilə sənət dilində ecazkar bir təmasa səslədi.
Tamaşanın leytmotivi budur: qəlb dili ilə dinlədikdə bütün canlıların səsini, düzənliklərin pıçıltısını, ağacların və qayaların sirlərini, quşların nəğmələrini eşidə bilərsən. Belə olduqda ən kiçik təfərrüat üzə çıxar, səhərlər və gecələr səninlə öz əhvalatlarını bölüşər. Havanın, torpağın, dənizin, dağların, qayaların, bütün insanların dilini anlamaq üçün dünyanın ürək döyüntülərini diqqətlə dinləmək lazımdır. Səhnə işində Dədə Qorqudun nəfəsi ilə keçmişdən indiyə kimi yaşanmış hadisələrə şahid olur və qədim türk müdrikliyinin canlılığını hələ də sürdürdüyünə və bugünkü dünyamızla səsləşdiyinə əmin oluruq.
Dörd nəfərin yer aldığı birhissəli interaktiv səhnə əsəri ifaçı ilə ifa olunan arasında nizamlı və təbii bir rabitə yaratdı. Hadisədən hadisəyə keçid, epik teatr üslubunun sadə təsvirə inteqrasiyası aydın və yaddaqalan alınmışdı.
***
Özbəkistanın Səmərqənd Musiqili Dram Teatrının Əlişir Nəvainin eyniadlı poeması əsasında hazırladığı “Leyli və Məcnun” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş olundu.
Tamaşanın quruluşçu rejissoru Əsgər Xolmuminov, quruluşçu rəssamı Mirjalak Xolikov, bəstəkarı Yapbergen Notegenov, rejissoru Şuxrat Sanaqulov, geyim üzrə rəssamı Maxliyo Xolikova, baletmeysteri Madina Xanerqaşevadır.
Özbək qonaqlar tamaşada musiqi ilə xoreoqrafiyanın sintezində iki gəncin saf sevgisini xor görən və onların vüsala yetməməsi üçün var gücü ilə çalışan ərəb çölü sakinlərinin ümumiləşmiş obrazını dolğunluqla verməyə çalışdılar.
Qeyd edək ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi 1188-ci ildə bu qədim ərəb əfsanəsini nəzmə çəkərək ədəbiyyatın gündəminə gətirib. Dahi özbək şairi Əlişir Nəvai Nizamidən təsirlənərək 296 il sonra öz “Leyli və Məcnun”unu qələmə alıb.
Geyim və səhnə tərtibatına görə sadə, xoreoqrafik elementlər, daha doğrusu, mətndən daha çox hərəkət, oyun təsviri ilə həmahəng tamaşa maraqla qarşılandı.
***
Noyabrın 3-də festivalın daha iki tamaşası göstəriləcək. Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı “Günəşə toxunan uşaq” (müəllif Sultan Raev) tamaşasını (Gənc Tamaşaçılar Teatrının səhnəsində), Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı isə “Qorqud əfsanəsi” tamaşasını (Milli Dram Teatrının səhnəsində) nümayiş etdirəcək.
I TÜRKSOY Beynəlxalq Teatr Festivalı noyabrın 4-də başa çatacaq.
H.Rüstəmova