Nazirlər Kabineti “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tabeliyindəki Niyazi adına Dövlət Simfonik Orkestri, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Cahangir Cahangirov adına Xorun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi barədə qərar qəbul edib.
Baş nazir Əli Əsədovun imzaladığı 31 oktyabr 2023-cü il tarixli qərara əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səsyazma Evində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestri ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Heydər Əliyev Sarayına, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.