Bakıda keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalına qatılan Səmərqənd Dövlət Musiqili Dram Teatrının (Özbəkistan) yaradıcı heyəti noyabrın 3-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) qonağı olub.
İttifaqın sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov özbək aktyorları Azərbaycanda görməkdən məmnunluq duyduğunu bildirib. O, qonaqlara 150 yaşlı Azərbaycan teatrının keçdiyi zəngin inkişaf yolundan, milli teatrdan 27 il sonra yaranmış Teatr Xadimləri İttifaqının fəaliyyətindən danışıb.
Görüşdə Özbəkistanın Əməkdar artistləri Baxtiyar Rahimov, Mehri Hakimova, Solican Hakimov, digər sənətçilər İskandar Sultanov, Gulistan Cabbarova, Səmərqənd Dövlət Musiqili Dram Teatrının aktyorları Abdulaziz Toştemirov, Turdimurad Xudaverdiyev, Gözəl Kurbanova, Şohsanam Obloqulova, Behruz Qurbonaliyev, Sarvinaz Saitova, Xusen Mahmudov və Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev ATXİ-nin fəxri fərmanları ilə təltif olunublar.
Qardaş ölkənin sənət adamları səmimi qəbula və təltiflərə görə minnətdarlıqlarını bildiriblər.