Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli noyabrın 3-də Tərtər şəhərində görüş keçirib.

Qəbuldan əvvəl nazir və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər.

Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, şəhidin adının əbədiləşdirilməsi, Qarabağ bölgəsində rəqs və xalçaçılıq sənətlərinin inkişafı və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşları ayrı-ayrılıqda dinləyib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilərin qaldırdıqları məsələlərə daha həssaslıqla yanaşılması, obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

Nurəddin