8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Zəfərimiz qürurumuzdur!” adlı elmi konfrans və sərgi keçirilib.
Tədbiri ADRA-nın rektoru Xalq rəssamı Natiq Əliyev açaraq 44 günlük Vətən müharibəsində şanlı Zəfərin tariximizdə müstəsna yerindən bəhs edib.
Akademiyanın İncəsənət tarixi kafedrasının professoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “44 günlük Zəfərin bədii təcəssümü” adlı mühazirə ilə çıxış edib. Bildirilib ki, hər bir rəssam öz dövrünün iştirakçısıdır. Ona görə müharibə iştirakçısı olan rəssamlarımız öz əsərlərində müharibəni dolğun şəkildə ifadə edirlər.
Humanitar və ictimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova çıxışında Vətənin qəhrəman övladlarının xalqımıza əbədi Qələbə qüruru bəxş etdiklərini deyib.
Sonra “Kətan, Vətən” adlı sənədli film nümayiş olunub. “Azərbaycantelefilm” yaradıcılıq birliyi tərəfindən lentə alınan filmdə Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olmuş dörd rəssamın – Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov və Fərid Məmmədovun döyüş xatirələri, onların müharibəyə insani və yaradıcı münasibətləri əksini tapıb.
Filmin ssenari müəllifi və rejissoru Rövşən Nicat, layihə rəhbəri Elçin Musaoğlu, quruluşçu operatoru Elxan Rüstəmovdur.
Zəfər Gününə həsr olunan sərgidə 44 günlük Vətən müharibəsində iştirak etmiş ADRA-nın müəllimi Fəxri Musazadə, akademiyanın məzunları Cavidan Rəhmətov və Fərid Məmmədovun müharibəni əks etdirən yaradıcılıq nümunələri yer alıb. Ekspozisiyada həmçinin 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, ADRA-nın məzunu Samir Kaçayevin əsərləri də nümayiş olunub.