Noyabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin qəhrəmanlığından danışıb.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva “8 Noyabr – Şanlı zəfər tariximiz” mövzusunda çıxış edib. Qeyd edib ki, 44 gün davam edən və işğal altında olan ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu gün Azərbaycandan dünyaya səslənən sülh, həmrəylik, bərabərlik mesajları ölkəmizi yalnız regionda deyil, eyni zamanda, beynəlxalq müstəvidə də problemlərin həll olunmasında aparıcı qüvvəyə çevirib”, – deyə Ə.Abdullayeva vurğulayıb.
Vətən müharibəsində şəhid olan igidlərimizin adları və şəkillərindən ibarət videoçarx nümayiş olunub.
Türkiyədə fəaliyyət göstərən tanınmış Azərbaycan musiqi terapevti, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullayevanın sözlərinə görə, dövrümüzdə elm sübuta yetirib ki, musiqi insanın fiziki və emosional vəziyyətinə müsbət təsir göstərir: “Musiqi stresi azaldır, ona ağrıkəsici vasitə kimi təsir göstərir, xəstəliklərin qarşısını alır, beyin hüceyrələrini stimullaşdırır, iş qabiliyyətini yüksəldir, immuniteti gücləndirir. Bir sözlə, musiqi sağlamlığımızda böyük rol oynayır”.
Daha sonra Züleyxa Abdullayeva Zəfər Günü ərəfəsində şəhid ailələrinə mənəvi dəstək məqsədilə “Sənə səni ifa edərəm” adlı musiqi terapiyası adlı məşğələ keçib. O, şəhid ana-bacıları, tədbir iştirakçıları ilə dialoq qurmaqla, onlarla enerji əlaqəsi yaratmağa çalışıb. Hər kəsə özünəməxsus daxili hisslərini pianoya köçürüb musiqi ifa etməklə, bu improvizasiyalarda onlara özlərini görməyə, hiss etməyə, yaralarına məlhəm olmağa çalışıb.