Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “44 günlük qəhrəmanlıq dastanı” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Vətən müharibəsinin gedişatını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Vətən müharibəsinin iştirakçıları – qazilərimiz Azərbaycanın suverenliyinin qorunması və torpaqlarımızın azadlığı uğrunda apardıqları döyüş əməliyyatlarından, həmçinin şəhid anaları öz övladları barədə xatirələrindən danışıblar.
Konsert proqramı ilə davam edən tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi Kollecinin, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagird və tələbələri vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə çıxış ediblər.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Heydər Əliyev adına Hərbi İnstitutun tələbələri, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Sonda musiqiçilərə muzey tərəfindən “Təşəkkürnamə” təqdim olunub, birgə xatirə şəkli çəkilib.