Azərbaycan Dillər Universitetində (ADU) Almaniya parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə ADU-dan məlumat verilib. ADU-nun rektoru akademik Kamal Abdulla bildirib ki, Almaniya parlamentinin təqaüd proqramı tələbələrin diqqət və marağına səbəb olub. ADU məzunları neçə ildir ki, bu proqrama qoşulub və təhsillərini Almaniyada davam etdirirlər. ADU tələbələrinin alman mədəniyyətinə, dilinə, tarixinə olan məhəbbəti yeni elmi dünyagörüşü ilə tanışlıq və müasir elmi biliklərin əldə olunması üçün unikal hadisədir: “İnanıram ki, məzunlarımız xaricdə təhsillərini uğurla başa vurub, Azərbaycanda ləyaqətlə, yüksək peşəkarlıqla xidmət edəcəklər. Biz arzu edərdik ki, elmi əməkdaşlığımız daha da inkişaf etsin, nümayəndə heyətinin sayı artsın və tələbə-məzunlarımız daha bilikli və savadlı kadrlar kimi yetişsinlər. Təsis olunan tələbə təqaüd proqramları həm ölkələr arasında elmi əlaqələrin inkişafına təkan verəcək, həm də savadlı gənc nəslin yetişməsinə şərait yaradacaqdır”.
Almaniya Bundestaqının deputatı xanım Marianne Şider bildirib ki, Azərbaycan və Almaniya arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Elmi müstəvidə təqaüd proqramlarının təsis olunması məhz elmi əlaqələrin inkişafı baxımından önəmlidir. Gənclərin daha bilikli və bacarıqlı olması üçün təcrübə, yeni elmi imkanlarla tanışlıq və elmi mübadilə imkanlarının olması vacib amillərdən biridir.
Görüş gələcək elmi əlaqələrin qurulması, yeni perspektivlərin müzakirəsi ilə davam edib.