Qazaxıstanın paytaxtı Astanada 2-3 noyabr tarixlərində keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Yıldız Sarayı fotokolleksiyasında XIX əsr Türk dünyasının mədəni irsi” adlı sərgi təşkil olunub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, sərgidə Osmanlı imperiyasının nadir incilərindən olan Yıldız Sarayının arxivindən seçilmiş, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın maddi-mənəvi irs nümunələrini əks etdirən fotoşəkillər nümayiş olunub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sərgini açıq elan edərək, təşkilat tərəfindən bu layihənin ilk dəfə cari ilin yanvar ayında Türkiyə Respublikasının 100 illiyi çərçivəsində İstanbul şəhərində həyata keçirildiyini bildirib. O, Milli Saraylar Dolmabahçe İncəsənət Qalereyasında təşkil olunmuş sərgidə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi təbrik məktubunun oxunduğunu vurğulayıb.

Günay Əfəndiyeva sərginin Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü ərəfəsində Astanada keçirilməsinin rəmzi məna daşıdığını bildirərək, layihənin Türk ölkələrinin keçmişindən bugününə uzanan körpü rolunu oynadığını bildirib. Fondun prezidenti Türk Dövlət Başçılarının Zirvə toplantısının onilliyini müasir dövrdə sarsılmaz qardaşlığın bariz nümunəsi kimi qiymətləndirib.

Günay Əfəndiyeva layihənin Türk dünyasının ümumi irsini, memarlığını, milli geyimlərini, adət-ənənələrini və bir çox digər elementlərini ehtiva etməsindən bəhs edib. O bildirib ki, sərgi eyni zamanda bu il Türk dünyasında qeyd olunan möhtəşəm yubileylərə, o cümlədən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə, Sultan Beybarsın 800 illiyinə, Xoca Əhməd Yasəvinin 830 illiyinə, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunur. Fondun prezidenti tədbirin həmçinin, Qarabağı Türk dünyasına qaytaran Azərbaycanın, bir əsri şərəflə tamamlayan Türkiyə Cümhuriyyətinin bütün Türk dünyasına yaşatdıqları qüruru simvolizə etdiyini vurğulayıb.

Sonda tədbir iştirakçıları Türk xalqlarının köklü tarixini və mədəniyyətini özündə ehtiva edən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər.