Vətən müharibəsi və sonrası qeydlər

 

“Hər kəsə yaxın, sənə həsrətəm, Qarabağ... Mən səninçün darıxan, candan keçməyə hazır olan Azərbaycan əsgəriyəm. Çox uzaqda deyiləm. Döyüş mövqeyindən tarixi torpaqlarımızı, uçub-dağılmış evlərimizi görəndə səni necə sevdiyimi bir daha anladım. Bu Ordu əbəs yerə güclənməyib, həsrətdən güclənib. Bir gün uğrunda şəhid olan hər kəs cənnətdən abad Ağdərəyə, Şuşaya, Laçına... baxıb sevinəcək. Bəlkə mən də onların sırasında olacağam”. 

İşğal zamanı bir əsgərin Qarabağa yazdığı sevgi məktubundandır bu sətirlər. Qarabağın kölgəsi sətirlərə çöküb və dünyanın məşhur namə yazanlarını öz kölgəsində buraxıb. Gərək həsrətdən necə alışıb yanasan ki, Vətənə belə dadlı və yanğılı məktub yazasan... Və sonda da Qarabağın adsız yüksəkliklərindən birini adınla əbədiləşdirib şəhid olasan.

Şəhərlərdən birinci Cəbrayılı azad etdik. Bir ağrımız azaldı. Torpaq tapdaqdan, dağlar zəncirdən, çaylar həbsdən xilas oldu. Bu cəbhədə qazandığımız ilk böyük qələbəmiz idi. O da öz başlanğıcını 2016-cı ilin Aprel döyüşlərindən götürürdü. O zaman Ordumuz dördgünlük müharibə zamanı düşmənin yüzlərlə hərbçisini məhv edərək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə kimi strateji yüksəkliyi 40 dəqiqə ərzində işğaldan azad etmişdi. Düşmənin 30 ildə “bufer zona” deyib müdafiə qurduğu, “Ohanyan xətti” adı ilə qorxutduğu “dəmir-dümür” isə hücumun 18-ci dəqiqəsində 8 ay hərbi xidmət keçən əsgərlərimizlə yarılmışdı. Erməni politoloqları pərtliklərini gizlətmək üçün bu döyüşü Stalinqrad döyüşü ilə müqayisə edirdilər. “Ohanyan...” dediklərini də fransızlardan oğurlayıblar – “Majino xətti”. Xəstə, “minillik” əzab çəkmiş üzdəniraqlar üçün Ermənistan yoxdur, “müqəddəs Ermənistan” var. Xalq yoxdur, “qədim xalq” var... Bu qəbildən təyinlər artırıb fikirlərini qüvvətləndirməyə çalışmaqla ancaq münaqişədən məlumatsız, aktiv həyatdan uzaqlaşıb yalnız iti-pişiyi ilə maraqlanan qoca fransız məşhurlarını aldada bilərdilər....
Torpaqlar azad olunandan sonra dilimiz də, əlimiz də uzandı. Cənnətməkanlarımızı necə xarabaya döndərdiklərini bütün dünya gördü, “Şuşa Bəyannaməsi”nin Natəvanın evinin xarabalıqları qarşısında bağlanmasına isə dost da tamaşa etdi, düşmən də... Rüsvay oldular. Kimdə nə yoxdu, ondan danışar. Hələ inciyirlər də ki, “niyə bütün yollar Romaya aparmalıdır?” Ermənistana nə gəlib ki? Vallah, adam şərh verə də bilmir. “Elə Roma imperiyası da, “erməni imperiyası”nın ardınca süquta uğrayıb” demək keçir ürəyimdən. Amma susuram. Sonra onu da ciddiyə alacaqlar. Qonşu bizimdir, “kəramətinə” bələdik. Yazıq İtaliya bir tay çəkmə ilə qalıb (xəritədə uzunboğaz çəkməyə oxşadığı üçün), səsi də çıxmır...

Mən Aprel döyüşlərinin həcmini, mənasını, əhəmiyyətini Vətən müharibəmizdə anladım. Lələtəpəni yenidən geri almaq işğalçı tərəf üçün prinsip məsələsi idi. Çox itki verdiyindən, ya bizim hərəkətə keçməyimizdən qəzəblənən düşmən, necə olursa-olsun, vəziyyəti əvvəlki yerinə qaytarmağa çalışırdı. Məqsəd həm də keçmiş hakimiyyətin zəifliyini sübut etmək kimi piar-aksiya idi. Anna Akopyan da “istəyir lap 6000 adam ölsün, Lələtəpə alınmalıdır”, –  deyə fərmayiş veribmiş. Müharibə fədakarlıqdır. Amma o halda ki, başqasının uşağından yox, öz oğlunun canından keçəsən...

Al Kaponedən soruşurlar:

– Siz düşməni bağışlaya bilərsinizmi?

– Allah bağışlasın! Bizim vəzifəmiz onları görüşdürməkdir.

Mafioz, qanqster olanda nə olar? Onun təzadları ilə işimiz yoxdur... Bu fikri isə dahiyanədir. Bəlkə də içində bizim “Allah bağışlasın”ımız var, ona görə belə doğma gəlir?

Dilimizdə ən nifrət etdiyim söz “işğal”dır. Mənə qalsa, lüğətdən də çıxarılmalıdır. Müharibə bitəndən sonra evdə uşaqlardan biri o birisi haqqında dedi ki, bəs mənim “zaryadka”mı işğal edib. Çox pis reaksiya verdim. Kontrolumu itirdim. Anidən elə bildim bədnam işğal dövründəyik. Bu sözə qadağa qoydum. Son 27 ildə ən çox eşitdiyimiz, işlətdiyimiz kəlmə. Minalar təmizlənəcək... Mexaniki prosesdir. Yaralarımız isə... Hər halda hadisələrin müasirləri olan bizlərinki çətin qaysaqlana...

Qarabağ silsiləsində yerləşən Cəbrayıl Arazboyu İran İslam Respublikası ilə həmsərhəddir. Gözəl dağlıq landşaftı olan Cəbrayıl “Siklop tikililəri”, “Divlər sarayı” və s. kimi tarixi “əsər”lərlə, dini təyinatlı abidələrlə, habelə, Orta əsrlərdə Araz çayı üzərində salınmış, Azərbaycanla İranı birləşdirən Xudafərin körpüləri ilə bəllidir. Bu körpülər həm də o tay-bu taylı Azərbaycanın mənəvi dəyəridir. Cəbrayıl Aşıq Qurbani, Aşıq Pəri kimi söz-saz sahiblərinin yurdu olub. Bu yerlərin erməni ilə yerlə göy qədər əlaqəsi olmadığı faktının müzakirəyə çıxarılması belə normalda anormallıqdır.

Sentyabrın 27-si ilk qaytardığımız 7 kəndə necə sevinmişdiksə, Cəbrayıla da elə sevindik. Hələ ki, qələbəyə öyrəncəkli deyildik. Dünya da dayanmadan “dayanın” deyirdi. Hər an hər şey qurtara bilərdi. Azad edilən ərazilərimizin coğrafiyası günü-gündən genişlənirdi. İlk dəfə Xocalının adı keçdi. Ordumuzun başqa kəndlərlə yanaşı Xocalıdan da iki kəndi azad etdiyi xəbəri elan ediləndə bütün Azərbaycan titrədi, haldan-hala düşdü, dərindən bir ah çəkdi. Xocalını bir ayrı cür gözləyirdik. Ora daxil olan əsgərlərimizin keçirdiyi hissləri düşünəndə sevinmək adına ağladım. Mövqelərimiz bərkidikcə, kövrək qələbəmiz də bərkiyir, üfüqdə güclə sezilən Şuşa sevdamızın reallaşacağının gün məsələsi olduğuna dair qeyri-rəsmi xəbərlər daha çox və daha ucadan eşidilməyə başlayırdı. Rəsmilər təsdiq olunmamış xəbərləri yaymamağa çağırırdılar: “Ay camaat, lokomotivin qabağınca qaçmayın, səbirli olun, “Qurdlar vadisi”ni izləmirsiz. Qoyun Ordu işini görsün!”. Təhlükəli idi. İnternetə də elə buna görə məhdudiyyət qoyulmuşdu. Amma şad xəbərin müjdəsini vermək, birinci çatdırmaq hissi də qüvvətli idi. Hətta bilib susmaq əsl mazoxizm idi. Qoy hamı bilsin, hamı sevinsin. Camaat üstüörtülü, kodla, parolla danışırdı. Məsələn, “Anam uşaq vaxtı Şuşada pioner düşərgəsində dincəlib. Xalamın da adı Laçındı”. Bacım mənimlə telefonla guya işarəli danışır:

– Anası durub, xalasının ürəyi gedib…

–  Nə?

– Eee… Deyirəm ki!!! Mamanın uşaqlıqda getdiyi yeri alıblar, xalanın da üstündə dava gedir... İndi başa düşdün?

Arxa cəbhə öndəkilərdən sürətli irəliləyirdi. Cəbhədəkilər hücuma ara verəndə evə zəng vurub soruşurdular ki, indi hardayıq? Özlərindən soruşanda isə ya “Nə olacaq: qar, yağış, duman” kimi meteoroloji cavablar verir, ya da, “Sərçələrdi də, ordan bura uçurlar, burdan ora” kimi sözlərlə baş aldadırdılar. Hərbçilərimiz əzmlə susurdular...

Hamı cəbhəyə, qələbəyə köklənmişdi. Hamının amalı bir idi. Prezident də, vitse-prezidentlə bərabər ilk olaraq elə Füzuli-Cəbrayıl bölgələrinə yola düşdü. Səfər zamanı xarabazara çevrilmiş yurdlarımızı ürəkağrısı ilə gözdən keçirən Prezident  torpaqlarımızı məlun düşməndən təmizləyən Azərbaycan əsgərini göylərə qaldırdı.  Prezident, Ali Baş Komandan bizim kimi iki əli, iki ayağı olan, yer üzünə guya insan qismində gələn məxluqatın törətdiklərinə mat qalmağa davam edirdi. Ən dəhşətlisi də o idi ki, keçmişdə cənnətməkan olan bu şəhərləri top, tüfəng, lap elə dron bu günə qoymamışdı. Bu urbisidi erməni adlanan canlılar törətmişdi. Xaraba, toz-dumana bürünmüş yollarla Prezidentin idarə etdiyi avtomobil 27 il həsrət qalıb İran ərazisindən nisgillə baxdığımız “əsəri-əzim”ə – Xudafərinə yetişdi. “Xuda-afərin” – “Allaha mərhəba”, “Allah tərəfindən yaradılmış”, “Tanrıya şükranlıq” mənalarını verir. İşğala məruz qalan ərazilər Azərbaycanın ən bol sulu, məhsuldar torpaqları idi. Bu bilgini AzTV vasitəsilə “Virtual Qarabağ”a tamaşa edən zaman aldım. Qarabağ və ətrafının tarixi abidələri sırasında körpülər əsas yeri tuturdu. Araz üzərində çox keçidlər atılsa da, ən məşhuru və ən işləyi Xudafərin körpüləridir ki, çayın ən dar, qayalıq yerində, sal daşların üzərində inşa edilmişdir. Yeri sənətkar dəqiqliyi ilə əlverişli seçildiyindən əsrlərin sel-sularına tab gətirərək bu günə gəlib çatmışdır. Xudafərinin pünhanlarından biri də 15 aşırımlının Antik dövrdə inşa olunmuş körpünün dayaqları üzərində qaldırılması gümanıdır. Körpülər haqqında deyirlər ki, onlar insanlığın ən xeyirxah əməlidir... Körpü çəkməyi nə ilə müqayissssə etmək olar? Suyun üzərində quru təbəqəsi yaratmaqla üzərində salınan hər bir körpü özündə “qovuşdurmaq” kimi müqəddəs missiyanı daşıyır. Dünyanın ən məşhur asma körpülərindən tutmuş, Asiya ilə Avropanı birləşdirən Boğaziçi körpüsünə, heç bir memarlıq dəyəri olmayıb yalnız öz əsas funksiyasını yerinə yetirən ermitaj keçidlərə qədər – hamısı eyni məqsədə xidmət edib eyni vəzifəni icra edir. Fərq yalnız masştabdadır. Vahid Azərbaycanın rəmzi olan Xudafərin körpüsündən zaman-zaman danışılıb, haqqında bayatıdan belə bağlanıb, şeirlərə, “Xudafərin körpüsü”nə qədər yazılıb.

Əzizim, bu yan dağlar,
Al qana boyan dağlar,
Bu yan zülmətxanadır,
Necədir o yan dağlar?!

Hər iki körpü İpək Yolunun üzərində yerləşir. Nisbətən kiçik körpüyə “Sınıq körpü” də deyilir. Bu körpülərin nə vaxt tikilməsi barədə dəqiq məlumat olmasa da, təxminlər bir-birini itələyə-itələyə tarixin daha dərin qatlarına aparır. Xudafərin dərəsində atılmış bu körpülər təkcə Xan Arazın iki sahilini bir-birinə bənd etmirdi, həm də, hərbi-strateji əhəmiyyət daşıyırdı. Xudafərinin bu “aşırımlar”ı (11+15) nələr görməyib, nələrə şahidlik etməyib? Daşqınlar, yaxın-uzaq müharibələr, yürüşlər, köçlər, işğallar... “Atını minən” sürüb bura. Hətta bu baxımsız, mamır basmış, yaralı halı ilə də möhtəşəm idi. Mənə elə gəldi ki, bu möcüzəli tağlardan keçə bilsəm, tamam başqa bir dünyaya düşərəm... Sanki sirləri bu tağlara hopmuşdu. “Qabaqda Qarabağ, arxada Qaradağ. Bu körpünü Qaradağdan Qarabağa tərəf tikiblər. Sonra onun üstündən keçib Şirvana gəliblər, onun üstündən yəqin ki, Hülaki xanın qoşunları keçib, Əmir Teymurun orduları adlayıb”. (“Xudafərin körpüs” – F.Kərimzadə)
Ağa Məhəmməd Qacarın Azərbaycana yürüşü zamanı körpünün bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Dövlətimizin başçısının Cəbrayıl və başqa azad edilmiş ərazilərimizə səfərlərinin videogörüntülərinə  baxanda, Prezidentin reaksiyalarını izləyəndə əmin oldum ki, bu torpaqlardan heç kəs (!) onun özü kimi reportaj hazırlaya bilməz. Bayrağımızı Xudafərin üzərində şəxsən Prezident özü qaldırdı, bir sahilinin də olsa, azadlığa çıxmasının kefini yaşayan Arazda əl-üzünü yudu, o taya uzun bir nəzər saldı.

Bu bayrağa kəm baxan,
Həm baxmayan, həm baxan
Bədgüman istəmirəm!

(Qabil)

Allah bir də xalqımıza heç bir ayrılıq göstərməsin! Ayrı düşənlərimiz də birləşsin. Qədim Xudafərin üzərində qürurla dalğalanan üçrəngli bayrağımızı görəndə düşündüm ki, bir qaldı oradan tamaşa etmək!

Dilarə Adilgil
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu