Bu il Azərbaycanın təbii və siyasi müttəfiqi, qardaş ölkə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir. Bu yubiley təkcə Türkiyə üçün deyil, bütün Türk dünyası üçün əlamətdar bir tarixdir.
Azərbaycanda bu yubiley böyük coşqu ilə qeyd olunur, müxtəlif layihələr həyata keçirilir. Müxtəlif sənət sahələrinin təmsilçiləri də qardaş ölkənin yubileyinə öz töhfəsini verməyə çalışırlar.
Türkiyənin 100 illiyi rəsmi loqosu dizayner həmyerlimiz Adəm Yunisov tərəfindən hazırlanıb. Bu günlərdə sosial şəbəkə üzərindən onunla əlaqə saxladıq. Çox təvazökar olan Adəm bəy özü haqqında qısa məlumat verdi.
O, bu məsələ ilə medianın diqqət mərkəzinə gəldiyini görüb qısa bir paylaşım edərək belə yazıb: “Karyeramın ən uğurlu və qürurverici işlərinin başına Türkiyə Cümhuriyyətinin 100-cü il loqosu ilə imza atdığımı düşünürəm. Loqonun həyatımın yarısından çoxu olan 26 ilini yaşadığım doğma Türkiyə tərəfindən rəsmi tanınması mənim üçün daha da qürurvericidir. Əminəm ki, dizaynla məşğul olan hər kəsin çatmaq istəyəcəyi bir zirvəni yaşadım. Bir daha belə bir qürur üçün gərək 100 il daha yaşayam”.
Qeyd edək ki, loqo bütün rəsmi mənbələrdə, sənədlərdə, dövlət layihələrində, media və bütün müvafiq sektorlarda istifadə olunmaqdadır. Loqo Türkiyə tərəfindən orbitə buraxılan “Türksat 5A” peykinin üzərində əksini tapıb. Dizayner bu hadisəni “Mənim ən zirvədəki əsərim budur!” sözləri ilə qeyd edib.
Adəm Yunisov bundan əvvəl də uğurlu layihələrə imza atıb. Onun diqqətəlayiq layihələri sırasında ilk dəfə keçirilən “Bakı 2015” Avropa Oyunlarının loqosu, habelə “Türk Dünyası Ali Ordeni”, Türk dünyasının “Əlişir Nəvai” qızıl medalı və bu kimi beynəlxalq arenada tanınmış bir çox layihələr də var.
“Türk Dünyasının Ali Ordeni” ilk dəfə 2019-cu ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev verilib. 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və 2023-cü ildə Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev bu ordenə layiq görülüb.
Adəm Yunisov 2021-ci ildə “Zəfər saatı”, bu il isə “Heydər Əliyev – 100” saat layihələrini hazırlayıb. 2000-ci ildə Ankarada, 2022-ci ildə isə Bakıda “Element Visual Studio” adlı marketinq və reklam şirkətini qurub. Hazırda peşəkar komanda ilə Türkiyə və Azərbaycanda fəaliyyət göstərir.
Adəm Yunisov 1978-ci ildə Naxçıvan MR Şərur rayonunun Gümüşlü kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini Naxçıvan Türk liseyində, ali təhsilini isə Hacettepe Universiteti (Ankara) Kompüter mühəndisliyi fakültəsində alıb. 1996-cı ildən Ankarada yaşayır.
Lalə Azəri