Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə 8 Noyabr –Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-şagird kollektivi və qazilər, ehtiyatda olan zabitlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BXA-nın tam orta təhsil pilləsi şagirdlərinin ifasında “Ana” və “Şuşa” rəqsləri, eləcə də “Azərbaycandır Qarabağ!”, “Əsgərim”, “Bayraq” və digər şeirlər səsləndirilib.

Tədbirin sonunda ehtiyatda olan hərbçilər Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən haqq savaşında qazanılan Qələbədən, əsgər və zabitlərimizin göstərdiyi şücaətdən söhbət açıblar bildirilib ki, şəhidlik zirvəsinə ucalan hərbçilərimizin xatirəsi hər zaman əziz tutulacaq.

BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə tərəfindən tədbirdə iştirak edən hərbçilərə təşəkkürnamə təqdim olunub.