8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədilə əks-hücum əməliyyatına başladı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə əldə etdi. Müzəffər Ordumuz 44 gündə şərəfli tarix, qəhrəmanlıq salnaməsi yazdı. Şərəf və qürur tariximizin ən şanlı səhifələrindən biri 8 noyabr – Şuşanın işğaldan azad edildiyi gün oldu.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən, 8 noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.
Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgidə Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı, fotolar, mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Zəfər Gününə və Vətən müharibəsi şəhidlərinə həsr olunan Azərbaycan və digər dillərdə olan kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Zefer_gunu/index.htm linkindən istifadə edə bilərlər.