Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Q.Musabəyov adına 3 nömrəli kitabxana filialının təşkilatçılığı ilə “Zəfərimiz əbədidir!” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri kitabxana filialının müdiri Arzu Xudayarova açaraq Zəfər Gününün tarixindən söz açıb.
Millət vəkili Aydın Hüseynov deyib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.
Yasamal rayon MKS-nin direktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova 44 günlük Vətən müharibəsindən və bu ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatından danışıb.
Tanınmış yazıçı Nüşabə Məmmədli bildirib ki, Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.
Tədbirdə daha sonra Vətən müharibəsi şəhidi Elşən Müslümovun anası Şövqiyyə Müslümova, qisas əməliyyatı şəhidi Nicat Qarazadənin anası Nuridə Qarayeva, şəhid Xəqani Aslanovun oğlu Sadiq Aslanov, qazi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Qəmər Seyfəddinqızının çıxışlar dinlənilib.
Sonda tədbir iştirakçıları Zəfər Gününə və Şuşaya həsr olunmuş videoçarxları izləyiblər.