Tanınmış ictimai xadim, jurnalist, 2005-ci ildən dörd çağırış Milli Məclisin deputatı seçilmiş, 2020-ci ildən parlamentin Mədəniyyət komitəsinin sədri olmuş Qənirə Paşayevanın (1975-2023) vəfatından qırx gün ötür.
Qənirə Paşayeva çoxşaxəli ictimai fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, ümumilikdə Türk dünyasında geniş hörmət və rəğbət qazanmışdı. Türk dünyasının bir çox yerləri ilə bağlı reportajlar hazırlamış, yazılar qələmə almış, film və kitablar ərsəyə gətirmişdi. Tale elə gətirdi ki, onun müəllifi olduğu və özünün iştirakı ilə çəkilən son ekran işi də bu mövzuda oldu...
Noyabrın 3-də Qənirə Paşayevanın Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” adlı sənədli filminin təqdimatı keçirilib. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də ərsəyə gələn filmin rejissoru Elnurə Kazımovadır. Filmlə bağlı Türkiyənin 57 vilayətində çəkilişlər aparılıb.
Təqdimat mərasimini açan Milli Məclisin deputatı Nizami Cəfərov mərhum həmkarının Vətəninə, xalqına bağlı olduğunu, insanların onu çox sevdiyini və ona inandıqlarını vurğulayıb: “Qənirə Paşayeva anadan jurnalist doğulmuşdu. Sonra siyasətdə də uğur qazandı. Ünsiyyəti, səmimiyyəti, insansevərliyi onu həmişə digərlərindən fərqləndirirdi. O, çox yaradıcı insan idi və öz dövlətinə sadiq idi. Qənirə xanımı Türk dünyasında çox sevirdilər. O, bu məhəbbəti əməlləri ilə qazanmışdı”.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı da Qənirə Paşayevanın Türk dünyasına qəlbən bağlı olduğunu vurğulayıb. Bildirib ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan bu sənədli film Türkiyənin tanıdılmasına bir töhfədir. “Qənirə Paşayeva Türk dünyasının cəsur qadını idi. O, az ömür sürsə də, üç insan ömrünə bərabər iş görərək, özündən sonra iz qoyub getdi”, – deyə o əlavə edib.
Qənirə Paşayevanı milli təfəkkürə malik insan, jurnalist, şəxsiyyət kimi xarakterizə edən, onun təkcə Azərbaycanın deyil, bütöv Türk dünyasının övladı olduğunu deyən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov filmin əhəmiyyətini qeyd edib. Bildirib ki, Qənirə Paşayeva karyerasına jurnalist olaraq başlayıb. Onun jurnalist kimi son işi də çəkdiyi sənədli film oldu. Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” sənədli filmi ilə də Qənirə Paşayeva bu dünyadan gedəndən sonra da izləyicilərə mesajlar verir.
Mərhum deputatın əmisi Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, qardaşı Hüseyn Paşayev, Milli Məclisin deputatı Arzu Nağıyev onunla bağlı xatirələrini bölüşüblər.
Filmin rejissoru Elnurə Kazımova Qənirə Paşayeva ilə birgə ərsəyə gətirdikləri ekran əsərindən danışıb. Filmin çəkilişində mərhum deputatın çox əziyyət çəkdiyini dilə gətirən rejissor Qənirə xanımın xatirəsinə ehtiram olaraq filmi davam etdirəcəyini bildirib.
Çıxışlardan sonra sənədli film nümayiş olunub.