Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Ağqoyunlular (Bayandurlular) dövləti hökmdarlarının hakimiyyətini təsdiq edən sikkələr qorunur.
Bu barədə muzeydən məlumat verilib.
Ağqoyunlular dövlətinin hökmdarı Məhəmməd (903 - 905 = 1497 - 1499) dövrünün gümüş sikkələri - təngələr dövrün pul təsərrüfatının başlıca nominalını büruzə verməklə yanaşı, həm də mükəmməl kalliqrafik sənət əsəridir.
Dövrün başlıca zərbxanaları- Şiraz, Qəzvin, Ərzincanda istehsal edilmiş belə gümüş sikkələrə İslam dininə aid başlıca ifadələr, 4 İslam xəlifəsinin adları, hökmdarın adı və titulları, ona arzulanan sözlər, nadir hallarda isə zərbxana və zərb ili həkk edilirdi. Bu dövrün gümüş sikkələri say etibarilə qızıl və mis sikkələrdən artıqdır. İki il hakimiyyətdə olan hökmdar Məhəmmədin dövründə pul təsərrüfatında başlıca sikkə vahidi ağırçəkili gümüş təngə idi. Ağqoyunlular dövrünə aid bu sikkələr arxeoloji tədqiqatlar nəticəsində Naxçıvan ərazisində, Masallı rayonunda və digər məkanlarda aşkarlanıb.
Həmin gümüş sikkələr muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq.