Rusiyalı yazıçı, ictimai xadim Mariya Suvorovskayanın kitabı əsasında çəkilmiş “Xəzər üzərində yelləncək” filminin premyerası noyabrın 3-də Moskvadakı “İllüzion” kinoteatrında olub.
Nümayişdən öncə çıxış edən Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev ekran əsərinin ərsəyə gəlməsində iştirak edən hər kəsə, həmçinin ölkəmizin Moskvadakı səfirliyinə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə təşəkkürünü bildirib.
Xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (“Rossotrudniçestvo”) rəhbərinin müavini Anatoli Şevtsov bu cür layihələrin ölkələr arasında dostluq münasibətlərinin inkişafı üçün əhəmiyyətini qeyd edib. “Sevgi hekayəsi hər zaman insanların ruhuna toxunur. Bu cür filmlər nə qədər çox olarsa, əminəm ki, bir-birimizə daha yaxın olacağıq”, – deyə o bildirib.
Rusiya Jurnalistlər İttifaqının katibi Natalya Çernışova qeyd edib ki, xalq diplomatiyasının təməlində həmişə insan amili, bu missiyaya səmimi münasibət bəsləyən insanlar dayanır: “İcazənizlə, böyük şair Nizaminin sözlərindən sitat gətirim: “Ürəkdən gələn söz ürəyə nüfuz edər”. Düşünürəm ki, bu film bir çox insanın ürəyinə nüfuz edən məhz həmin sözdür”.
Filmin baş prodüseri Hüseyn Cavadzadə bildirib ki, “Mən “Xəzər üzərində yelləncək” kitabını ilk dəfə oxuyanda təkcə əsərin qəhrəmanları arasındakı səmimi sevgiyə deyil, həm də müəllif Mariya Suvorovskayanın Azərbaycana olan böyük sevgisinə inandım. Mariya Azərbaycan mədəniyyətini və tarixini böyük həvəslə təbliğ edir”.
“Xəzər üzərində yelləncək” kitabının müəllifi və baş rolun ifaçısı Mariya Suvorovskaya Azərbaycanın Moskvadakı Səfirliyinə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, filmin ideya müəllifi Səadət Qarayevaya və onun ərsəyə gəlməsini dəstəkləyənlərə minnətdarlığını bildirib: “Azərbaycana aşiq olduğum gün üçün Tanrıya minnətdaram. “Xəzər üzərində yelləncək” təkcə iki gəncin sevgi macərası deyil, həm də iki ölkənin dostluq hekayəsidir”.
Qeyd edək ki, “Xəzər üzərində yelləncək” filmi yalnız əsas personajların taleyini və həyat axtarışlarını deyil, həm də dövlətlər arasında dostluğu və dialoqu təcəssüm etdirən melodramatik hekayətdir. Ekran işinin məqsədlərindən biri Azərbaycan-Rusiya əlaqələrini insanların taleyi, mədəniyyətlərin oxşarlığı və xalqları birləşdirən çoxillik ənənələr vasitəsilə nümayiş etdirməkdir.
Quruluşçu rejissor Qulu Əsgərov, quruluşçu operator Rauf Qurbanəliyevdir. Baş rollarda Mariya Suvorovskaya, Emil Həsənzadə, Duyğu Dəvəli çəkiliblər.
“Xəzər üzərində yelləncək” noyabrın 6-dan Bakı kinoteatrlarında da nümayişə çıxıb.