Noyabrın 6-da İstanbulda Türk Xəbər Agentlikləri Alyansının (ATNA) təsis toplantısı – 1-ci baş assambleyası keçirilib.
Tədbirdə ATNA-ya üzv ölkələrin – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın dövlət xəbər agentliklərinin rəhbərləri, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) idarə heyətinin sədri Vüqar Əliyev iştirak ediblər.
Alyansın ilk tədbirində qəbul olunan qərarlara əsasən, Anadolu Agentliyi (Türkiyə) 2023-2025-ci illərdə ATNA-ya sədrlik edəcək. Agentliyin baş direktoru Serdar Karagöz iki il üçün ATNA-nın prezidenti, Qazaxıstanın “Qazcontent” Agentliyinin idarə heyətinin sədri Bekzat Jussupov vitse-prezidenti, AZƏRTAC-ın Qlobal kommunikasiya və informasiya departamentinin müdiri Elşən Şahbalayev isə baş katibi seçilib.
Tədbirdə təşkilatın beynəlxalq xəbər məkanına inteqrasiyası, fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. 2025-2027-ci illərdə ATNA-ya Qazaxıstanın “Qazcontent” Agentliyi rəhbərlik edəcək. Daha sonra alyansa rəhbərlik rotasiya qaydasında dəyişəcək.
Türk dünyası ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, eyni zamanda Türk dünyası əleyhinə dezinformasiya ilə mübarizə aparmaq istiqamətində bu gün mühüm addım atıldı. ATNA-nın olduqca əhəmiyyətli işlərə imza atacağına inanıram.
Bunu Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İstanbulda Azərbaycan mediasına müsahibəsində deyib.
O, alyansın media sahəsində əməkdaşlığa əlavə təkan verəcəyinə əminliyini bildirib: “Bu gün informasiya mübarizəsinin geniş aparıldığı bir dünyada yaşayırıq. Təəssüf ki, bu informasiya mübarizəsi dezinformasiyaya da səbəb olur. Bizim əsas vəzifəmiz doğru xəbəri dünyaya yaymaqla yanaşı, həm də bizi hədəf alan dezinformasiyaya qarşı mübarizə aparmaqdır”.