Çinin ən iri şəhərlərindən olan Şanxayda Azərbaycanın turizm potensialının təqdimatı olub.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev mədəni irsi, rəngarəng təbiəti, qədim və müasir memarlığı olan Azərbaycanın yüzillər ərzində İpək Yolu üzərində ticarət və mədəniyyət körpüsü rolunu oynadığını, bu tarixi irsin müasir dövrdə ölkəmizin turizm potensialını zəniginləşdirdiyini deyib. Bildirib ki, son illər Azərbaycanda turizm xidmətlərinin yüksəldilməsi istiqamətində bir çox işlər görülüb, ölkəmiz dünyanın müxtəlif bölgələrindən olan səyahətçilər üçün populyar istiqamətə çevrilib. DTA sədri ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə yeni konsepsiya hazırlandığını da deyib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Cavanşir Bayramov ölkəmizin turizm potensialı, təbiət, tarixi-mədəni, dəniz, sağlamlıq turizmi növləri üzrə mövcud şərait və yaradılan infrastruktur barədə məlumat verib.
“Azərbaycan Hava Yolları”nın (AZAL) nümayəndələri Ruslan Abdullayev və Rinat Əzizov dekabrda Bakı-Pekin-Bakı birbaşa reysinin açılacağını, qarşıdakı illərdə Çinin daha bir neçə şəhərinə birbaşa uçuşların planlaşdırıldığını diqqətə çatdırıblar. Təqdimatda AZAL-ın keçirdiyi lotereyanın qalibinə Pekin-Bakı-Pekin bileti təqdim edilib.
Bildirilib ki, oxşar təqdimatların Çinin Quancou, Çendu və Pekin şəhərlərində də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Çin dünyada ən böyük turizm bazarıdır. 2018-ci ilin dekabrından Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir, 2019-cu ildə isə iki ölkənin aidiyyəti qurumları arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında anlaşma memorandumu imzalanıb.