Bir ayda 10 mindən çox fələstinli ölüb...

 

HƏMAS təşkilatının oktyabrın 7-də İsrailə terror hücumuna cavab olaraq İsrail ordu hissələrinin Qəzza zolağında başlatdığı əməliyyat hər gün yüzlərlə mülki şəxsin də həyatına son qoymaqla davam edir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının məsələ ilə bağlı noyabrın 6-da keçirilən qapalı iclası da nəticəsiz bitib.

İclasdan sonra açıqlama verən ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud hələ razılığın əldə olunmadığını deyib. Vud bildirib ki, münaqişədə humanitar fasilə məsələsi gündəmə gətirilib, lakin bu məsələ ilə bağlı hələ də müxtəlif fikirlər var.

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jung isə xəstəxanalara, qaçqın düşərgələrinə və BMT obyektlərinə hücumları müzakirə etmək üçün Təhlükəsizlik Şurasını topladıqlarını bildirib. Qəzzada 10 mindən çox fələstinlinin ölməsini “humanitar böhran” olaraq xarakterizə edən Çin təmsilçisi vurğulayıb ki, bu dəhşətli vəziyyət qarşısında BMT TŞ təcili qətnamə qəbul etməli və humanitar atəşkəs yaratmalıdır.