TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa haqqında maraqlı sənət layihələrinin sırasına daha biri əlavə edilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin Rəssamlıq şöbəsi şagirdlərinin əsərlərindən ibarət “Şuşa – 2023 Türk dünyasının mədəni paytaxtıdır” adlı albom-kataloqu çap olunub.

Noyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində kataloqun təqdimatı və İncəsənət məktəbi şagirdlərinin konsert proqramı keçirildi.

Konsertdən əvvəl Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və ölkəmizdə səfərdə olan türk respublikalarının sənət adamlarından ibarət heyət BMM-in foyesində təşkil edilən şagirdlərin əsərlərindən ibarət sərgi ilə tanış oldular. Uşaqların Türk dünyasına baxışını əks etdirən rəsmlər qonaqları marağına səbəb oldu.

Daha sonra konsert proqramı təqdim olundu. Konsertdə türk xalqlarının mahnı və rəqsləri, milli ritmlərindən ibarət musiqi çələngi maraqla qarşılandı.

Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatının məsul əməkdaşları da iştirak edirdi.

Lalə