Azərbaycan üç əziz bayramın astanasındadır. Noyabrın 8-də Zəfər Gününü, noyabrın 9-da Dövlət Bayrağı Gününü, noyabrın 12- də isə Azərbaycan Respublikasının Konstitusiya Gününü qeyd edəcəyik. Bu əlamətdar tarixlərin hər üçü də Azərbaycan xalqının taleyi, bu günü və gələcəyi, istiqlal mübarizələri ilə bağlıdır. Bu bayramların ən gənci Zəfər bayramımızdır. Zəfər bayramını 2020-ci ilin noyabrında işğal altında olan torpaqlarımızı azad etdikdən sonra təqvimlərimizə daxil etdik.
Bu fikirləri noyabrın 6-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən “Zəfərli bayrağımız” adlı tədbirdə muzeyin baş direktoru akademik Rafael Hüseynov söyləyib.
“Müstəqillik hər xalqın həyatında ən ali sərvətdir”, - deyən akademik xalqımızın müstəqillik, müqəddəs üçrəngli bayrağımız uğrunda mübarizəsindən söz açıb: “1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi, dövlət müstəqilliyimiz bərpa olundu, 70 ildən sonda Azərbaycanın üçrəngli bayrağı başımız üzərində yenidən ucaldı. Ancaq o bayrağımızın bayramı da hələ bütöv deyildi, istiqlalımız tam deyildi. Çünki ərazilərimizin 20 faizə yaxını işğal altında idi. Azərbaycan bu əraziləri işğaldan azad etdikdən sonra - 2020-ci il noyabrın 8-dən, Zəfər bayramından sonra istiqlalımız da bütövləşdi. Üç il bundan əvvəl təqvimimizə daxil olan Zəfər bayramı, Bayraq və Konstitusiya günlərinin də əsl bayrama çevrilməsinin, bütövləşməsinin təməlinə çevrildi. Ona görə də Azərbaycan xalqı, bütün gələcək nəsillər bu günü hər zaman böyük ehtiramla yad etməlidirlər”.
R.Hüseynov Azərbaycanın 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən qazanılan tarixi Zəfərdən söz açıb. O, bu şanlı Qələbənin qazanılmasında ölkə rəhbərinin müdrik və uzaqgörən siyasətini, uğurlu diplomatiyasını xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Azərbaycanı bu Zəfərə çatdırmaq üçün ölkəyə rəhbərlik etməyə başladığı ilk günlərdən əsas istiqamətləri müəyyən etdi. Dövlətimizin başçısı Azərbaycanın iqtisadiyyatını gücləndirməyi, onun gələcək inkişafını, o cümlədən istiqlalımızın qorunmasını, torpaqlarımızın işğaldan azad edilməsini bu istiqamətlərin başlıca bünövrəsi sayırdı. Ona görə də ilk növbədə Azərbaycan iqtisadiyyatını gücləndirməyə başladı. İqtisadiyyatımızın dünya iqtisadiyyatı ilə inteqrasiyasına çalışdı. Ölkəmizin neft müqavilələrinin, enerji ehtiyatlarının istifadəsində dünya şirkətləri, aparıcı dövlətlərlə səmərəli əlaqələrin qurulması istiqamətində addımlar atıldı. Bütün bu işlərin bünövrəsi, Azərbaycanın gələcək iqtisadi yüksəlişinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Prezident İlham Əliyev bu xətti uğurla davam etdirdi, yeni-yeni neft, qaz müqavilələri imzalandı, Azərbaycan və onun şaxələnən iqtisadiyyatı getdikcə daha iri addımlarla irəliləməyə başladı. Azərbaycanın iqtisadi gücü təmin olunduqdan sonra ölkənin güclü ordusunun yaradılması istiqamətində mühüm addımlar atılmağa başlandı.
Akademik Rafael Hüseynov Prezident İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu siyasətindən, uğurlu diplomatiyasından, torpaqlarımızın işğaldan azad olunmasından, Azərbaycanın beynəlxalq arenada və regionda nüfuzundan, mövqeyindən, xarici iqtisadi əlaqələrindən, tarixi Zəfərindən, Qarabağda, azad olunmuş ərazilərimizdə aparılan böyük abadlıq-quruculuq işlərindən də söz açıb. Akademik bu ilin sentyabrında Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etdiyini, ölkə rəhbərinin müdrik və uzaqgörən siyasəti nəticəsində Xankəndinin də boşaldıldığını, ermənilərə qarşı heç bir güc və təzyiq olmadan ərazini tərk etdiklərini bildirib.
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını və muzey əməkdaşlarını təbrik edən baş direktor xalqımıza Zəfər dolu bayramların çox olmasını arzulayıb.