Nizami Kino Mərkəzində noyabrın 7-də “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filminin və “western-azerbaijan.az” saytının təqdimatı keçirilib.
Film Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilib.
Filmin ssenari müəllifi Füzuli Sabiroğlu çəkiliş prosesindən və ümumi ideyadan danışıb. Müəllif bədii çəkilişlərin İsmayıllı, digər çəkilişlərin isə Qərbi Azərbaycanla sərhəd rayonlarda aparıldığını deyib. Qeyd olunub ki, filmdə həmçinin 30-cu illərə dair arxivlərin açılması, Moskvadan əldə edilməsi maraqlı nüanslardandır.
Filmin rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ-nin katibi Əli İsa Cabbarov, xətt prodüseri İsmayıl Qasımovdur.
Film ingilis və erməni dillərində də yayımlanacaq.
Qeyd edək ki, film və sayt “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsi əsasında ərsəyə gəlib.