Azərbaycan mədəniyyətinə itki üz verib. Uzun illər Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına rəhbərlik etmiş Əməkdar mədəniyyət işçisi Fizurə Quliyeva ömrünün 82-ci ilində dünyasını dəyişib.
Fizurə Müseyib qızı Quliyeva 1941-ci il aprelin 26-da Naxçıvan şəhərində anadan olub. 1962-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxana-biblioqrafiya fakültəsində təhsil alıb.
1960-cı ildə M.S.Ordubadi adına Naxçıvan Respublika Kitabxanasında əmək fəaliyyətinə başlayıb və 1962-1975-ci illərdə şöbə müdiri, 1975-1976-cı illərdə elmi işlər üzrə direktor müavini, 1976-1983-cü illərdə kitabxananın direktoru vəzifələrində çalışıb.
F.Quliyeva 1984-2013-cü illərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasına rəhbərlik edib. Fəaliyyət göstərdiyi müddətdə işinə daim məsuliyyətlə yanaşıb, kitabxananın beynəlxalq aləmdə tanınmasında, əməkdaşlıq əlaqələrinin genişlənməsində xidmətləri olub. O, Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyasının (IFLA) tədbirlərində, eləcə də Türkiyə, Ukrayna və Rusiyada ölkəmizi təmsil edib.
F.Quliyevanın təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2006-cı ildən Respublika Uşaq Kitabxanasının nəşri olan “Körpəm” jurnalı “Göy qurşağı” adı ilə çap edilib.
Onlarla elmi, publisistik məqalənin və metodik vəsaitin müəllifi olan tanınmış kitabxanaçı müxtəlif təltiflərə, 2006-cı ildə isə dövlət başçısının müvafiq sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Mədəniyyət sahəsində yarıməsrlik fədakar fəaliyyəti ilə gənc kitabxanaçılar üçün örnək olan səmimi, qayğıkeş insan F.Quliyevanın xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində yaşayacaq.
Allah rəhmət eləsin.