Bölgələrdəki mədəniyyət müəssisələrində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə müxtəlif tədbirlər təşkil edilib.

Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları “Daim ucalasan, üçrəngli bayrağım!” adlı mühazirə keçiriblər. Zəngilan rayon 4 nömrəli tam orta məktəbdə şagirdlər üçün təşkil olunan tədbir şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Şagirdlər bayrağa aid şeirlər söyləyiblər. Sonda film nümayiş etdirilib.

***

Şəmkir şəhər Uşaq musiqi məktəbi "Zəfər günlərimin şahidi bayraq" adlı tədbir təşkil edib. Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin bədii hissəsində musiqi məktəbinin şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət vətənə, bayrağa həsr olunmuş musiqi nömrələri və şeirlər səsləndiriblər.

***

Lənkəran şəhərindəki Həzi Aslanovun Ev-Muzeyində “Ucalan bayrağımız” mövzusunda tədbir keçirilib. Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin əlaməti kimi dəyərləndirib, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı daim uca tutmağı tövsiyə ediblər. Həmçinin Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın ölkəmizin işğaldan azad olunmuş ərazilərində dalğalanmasının bütün soydaşlarımıza sevinc və fərəh hissi bəxş etdiyi vurğulanıb. Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzulu şeirlər səsləndirilib, rəqslər nümayiş etdirilib.

Astara Tarix-Diyarşünaslıq Muzeyi və M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Zəfər işığında dalğalanan bayrağım” adlı tarix dərsi keçirilib. Muzeyin əməkdaşının mövzu ilə bağlı məruzəsi dinlənilib. Sonra şagirdlərlə fikir mübadiləsi aparılıb.

Masallı rayon Mərkəzi Kitabxanasında Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalandığı torpağın qədimliyini göstərir.

Hazırladı: N.Məmmədli