Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən Mərakeş Milli Kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın təqdimatı mərasimi keçirilib.
Səfirlikdən bildirilib ki, sözügedən albom-kitab ingilis, fransız və ərəb dillərində XIX əsrin 70-ci illərindən başlayaraq 1912-ci ilə qədər davam etmiş dövr ərzində Tiflisdəki Qafqaz muzeyi əməkdaşlarının tarixi Qarabağ xanlığı ərazisinə təşkil etdikləri ekspedisiyalar zamanı toplanmış dəyərli artefaktlar kolleksiyasını özündə əks etdirir. Təqdimat mərasimində, eyni zamanda, bu artefaktların sərgisi də nümayiş olunub. Tədbirə Mərakeşin dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, media, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Azərbaycanın diaspor təmsilçiləri də olmaqla, 100-ə yaxın iştirakçı qatılıb.
Mərakeş Milli Kitabxanasının direktoru Mohammed Ferran sözügedən təqdimatın iki ölkə arasında əlaqələrin gücləndirilməsində vacib rol oynadığını vurğulayaraq, Mərakeş ictimaiyyətində Azərbaycanın zəngin tarixi, mədəniyyəti və dəyərləri haqqında daha geniş təsəvvürün formalaşması və məlumatlılığın artmasına xidmət edəcəyini bildirib.
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində təşkil edilən təqdimat mərasiminin 30 illik işğaldan sonra azad olunan Qarabağ haqqında unikal tədqiqatların yekun məhsulu olan bir kitaba həsr edildiyini söyləyib. Səfir, həmçinin Tiflis şəhərində yaradılmış “Qafqaz muzeyi” əməkdaşlarının Qafqazın müxtəlif regionlarına yerli xalqlar haqqında tarixi və etnoqrafik materiallar toplamaq üçün çoxsaylı ekspedisiyalar keçirdiyini və Qarabağ xanlığı ərazisindən əldə olunan materialların, əsasən 1912-ci il ekspedisiyaları zamanı toplandığını diqqətə çatdırıb. O cümlədən “Qafqaz muzeyi” əsasında yaradılmış Gürcüstan Milli Muzeyinin arxivlərində saxlanılmış materiallar və artefaktların detallı analiz, kataloqlaşdırma, fotoçəkilişinin aparılması nəticəsində həmin materiallar əsasında albom tərtib edildiyi, bu albomun isə Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilati dəstəyi ilə nəşr edildiyi qeyd olunub. Kitabda Gürcüstan Milli Muzeyinin arxivlərində aşkar olunaraq tədqiq olunmuş bir neçə min artefaktdan yalnız 300-nün əks olunduğu da vurğulanıb, buradakı materialların Qarabağ xanlığı əhalisinin məhz aparıcı azərbaycanlı və müsəlman kimliyinə mənsub olmasını göstərdiyinə xüsusi diqqət yönəldilib.
Səfir Nazim Səmədov, həmçinin albom-kitabın təqdimatının məhz noyabrın 8-də, Qarabağda yerləşən mədəniyyət paytaxtımız Şuşa şəhərinin azad edilməsi və Zəfər Günündə təşkil edilməsinin də təsadüfi olmadığını əlavə edib. Sonda səfir tədbirdə iştirak edən Azərbaycan diaspor nümayəndələrini Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Qeyd edək ki, artefaktların sərgisi Milli Kitabxanada növbəti iki həftə müddətində nümayiş etdiriləcək. Bununla yanaşı, albom-kitab Milli Kitabxananın zəngin kitab kataloquna daxil edilib ki, bu da Mərakeş oxucularına ölkəmizin Qarabağ bölgəsinin zəngin mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq.
Təqdimat mərasiminin sonunda iştirakçılara “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabı hədiyyə edilib.