Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində Zəfər Gününə və BMM-in fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Konsertdə BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə çıxış edərək qonaqları salamlayıb və Zəfər Günü münasibətilə kollektiv adından təbriklərini çatdırıb.

Qeyd olunub ki, 15 il əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Daha sonra BMM-in solistləri – Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və xanəndə Hüseyn Məlikovun ifaları təqdim olunub. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, udda Vasif Yusibli, nağarada Amil Mustafayev, balabanda Rafael Əsgərov müşayiət edib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
 
 
 
 
 
ОтветитьПереслать