Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin rəsmi tərəfdaşlığı ilə 10-15 noyabr tarixlərində XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı (BBQFF) keçirilir.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi ənənəvi festival Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Counsil”, Azərbaycan Prodüserlər Gildiyası və Yunus Əmrə İnstitutunun dəstəyi ilə gerçəkləşir.
Noyabrın 10-da Nizami Kino Mərkəzində festivalın açılış mərasimi keçirilib.
Mərasimdə mədəniyyət və incəsənət xadimləri, kinosevərlər və digər qonaqlar iştirak ediblər.
BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şamıyev festival haqqında məlumat verib. Qeyd edib ki, builki festivala 78 ölkədən 704 film təqdim olunub. Seçim komissiyasının qərarına əsasən, 32 ölkəni təmsil edən 42 film festivalın beynəlxalq, 17 film “Asiya istedadları”, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı – “Qızıl nar” uğrunda yarışacaqlar.
Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov mədəniyyətimizin təbliğində kinonun əhəmiyyətindən söz açıb, təşkilatçılara təşəkkürünü bildirib, festivalın işinə uğurlar arzulayıb.
"Azərbaycan kinosunda peşəkar kadrların yetişdirilməsində göstərdiyi xidmətlərə görə" Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev, "Azərbaycan kinosunda dublyaj sahəsindəki xidmətlərinə görə" Əməkdar artist Nəcibə Hüseynova və "Azərbaycan kinosunda müəllif kinosunun inkişafındakı xidmətlərinə görə" AzTV-nin “Azərbaycantelefilm” yaradıcılıq birliyinin rəhbəri Əməkdar incəsənət xadimi Elçin Musaoğlu "Qızıl nar" mükafatı ilə təltif olunub.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld festivalda ölkəsinin filmlərinin nümayişini təşkil etdiyinə görə “British Counsil”a təşəkkürünü bildirib.
Daha sonra festivalın münsiflər heyətinin üzvləri səhnəyə dəvət olunub.
Diqqətə çatdırılıb ki, bu il beynəlxalq müsabiqənin filmlərini “Qızıl pəri” mükafatçısı, filmləri Rotterdam, Kinoşok, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda mükafatlar qazanan Yavər Rzayev, Kann mükafatçısı, Moskva, Tokio festivallarının baş mükafatçısı, rejissor Rza Mirkərimi, Berlinale mükafatçısı, Moskva, Avrasiya, Varşava film festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov, tanınmış ssenarist Rulof Yan Minnebu qiymətləndirəcək.
Festivalın “Asiya istedadları” münsiflər heyətində Baykonur beynəlxalq film festivalının (Qazaxıstan) proqram direktoru kinotənqidçi Ercan Cumabəyov, yazıçı-ssenarist Şərif Ağayar, rejissor, ssenarist Ramin Fərzaneh yer alır.
Yerli müsabiqədə yarışan filmləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, təsvir rejissoru Nadir Mehdiyev qiymətləndirəcək.
Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 3 film yarışacaq.
Festivalın müsabiqədənkənar bölməsində “British Council”la əməkdaşlıq çərçivəsində Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının mükafatı – “Bafta”nın namizəd filmləri nümayiş olunacaq.
Festivalın “Dili bizim” bölməsində dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər göstəriləcək. “Panorama”da isə gələcəyinə böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim olunacaq.
Açılış mərasimində festivala təqdim edilən yerli və xarici filmlərdən kadrların yer aldığı videorolik nümayiş olunub. "Azərbaycan" qrupu tərəfindən musiqili proqram təqdim edilib.
Sonda "Oskar" və "Bafta" mükafatçısı "İrlandsayağı vida" (An Irish Goodbye, rejissorlar – Tom Berkeley, Ross White) filmi nümayiş etdirilib.
Qeyd edək ki, festivalın filmləri noyabrın 15-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq.
Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif dövrlərə aid beş qısa film – Zaur Məhərrəmovun “ Bakı eyvanları”, Nicat Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri göstəriləcək.
Eyni zamanda festival çərçivəsində noyabrın 12-də saat 14:00-da tanınmış kinorejissor Rza Mirkəriminin “Şərq rejissorunun özəlliyi” mövzusunda ustad dərsi, noyabrın 14-də saat 16:00-da qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intellekt texnologiyasının tətbiqi” adlı mühazirəsi keçiriləcək.
Festivalın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.
Xatırladaq ki, festivalın media tərəfdaşları arasında “Mədəniyyət” qəzeti də var.
XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının proqramı burada: https://filmfestival.az/proqram/
Nurəddin