Noyabrın 11-də IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi konfrans və “Heydər Əliyev – 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Heydər Əliyevə həsr edilən qısa sənədli film nümayiş olunub.
Milli Kitabxananın direktoru Kərim Tahirov Ulu öndərin milli-mənəvi dəyərlərimizin inkişafında, qorunmasında misilsiz xidmətlərindən danışıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, Milli Məclisin deputatları Anar İsgəndərov, Hikmət Babaoğlu çıxış ediblər.
Konfrans çərçivəsində təqdimatı keçirilən “Heydər Əliyev – 100. Biblioqrafiya” kitabının əhəmiyyəti vurğulanıb, nəşrin tədqiqatçılar üçün dəyərli mənbə olacağı qeyd edilib. Biblioqrafiyanın bütövlükdə Azərbaycanda Heydər Əliyev irsinə dair bütün elmi əsərlərini özündə topladığı, eyni zamanda, ümumilikdə Azərbaycanın yeni tarixinin biblioqrafiyası olduğu vurğulanıb.