Nümayişdən əvvəl Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppa rəhbəri Ələsgər Muradxanlı, monotamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, tədbirin təşkilinə dəstək verən "İRƏLİ" İctimai Birliyinin nümayəndəsi Riad Cəbrayılov çıxış ediblər.
Ülviyyə Heydərovanın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin rejissoru Elşad Rəhimzadədir. Tamaşada ana rolunu aktrisa Zemfira Əbdülsəmədova canlandırıb.
Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür...
Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.