Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı Zahirə Cabirin Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Azərbaycanlı” kitabının təqdimatı və imza saatı keçirilib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Everest” nəşriyyat evinin təşkilatçılığı ilə sərginin “Şuşa” təqdimat zonasında gerçəkləşən tədbirdə əvvəlcə C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin vokal sinfinin şagirdi, beynəlxalq müsabiqələr laureatı Atilla Qərib və “Renessans” uşaq xorunun ifasında Heydər Əliyevə həsr olunmuş “Əbədi zirvə” mahnısı səsləndirilib.

Zahirə Cabir qeyd edib ki, kitabı yazmaqda məqsədi Ulu öndərin uşaqlığını bir nümunə olaraq kiçikyaşlı oxuculara təqdim etməklə onun milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi yüksək mənəvi keyfiyyətlərini göstərməkdir.

Yazıçının kitabda 13 hekayəsi yer alıb. Kitabın naşiri Nemət Əliyev, redaktoru Aida Cahangirova, rəssamı Mərziyyə Hüseynovadır.

Bakı Dövlət Universitetinin dosenti Knyaz Aslan kitabın yüksək peşəkarlıqla hazırlandığını bildirib: “Kitabda toplanmış hekayələr “Ana laylası” ilə, yəni Ulu öndərin dünyaya gəlişi ilə başlayıb, “Heydər zirvəsi” hekayəsi ilə bitir. Düşünürəm ki, bu hekayələr gələcək nəsillərə Heydər Əliyevin şəxsiyyəti və ömür yolu nümunəsi əsasında uğurlar əldə etməyə imkan verəcək”.

Tədbirdən sonra Respublika Uşaq Kitabxanasının stendində yazıçının imza saatı keçirilib.