Çin Xalq Respublikasının Sian şəhərində IX “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirilib.

15-29 oktyabr tarixlərində gerçəkləşən festivala 15-dən çox ölkədən (Rusiya, Makedoniya, Fransa, Serbiya, ABŞ, Monqolustan, Xorvatiya, Albaniya, Gürcüstan və s.) musiqiçilər qatılıblar.
Festivalda ölkəmizi Əməkdar artistlər – tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov təmsil edib. Açılış günü minlərlə tamaşaçının qatıldığı tədbirdə  qırmızı xalının üzərindən ilk olaraq azərbaycanlı sənətçilər bayrağımızla keçərək xüsusi lövhəyə öz imzalarını atıblar. Ölkəmiz üçün xüsusi hazırlanmış stendin bəzədilməsində sənətçilərimizə Azərbaycan Milli Xalça Muzeyi dəstək göstərib. Azərbaycan instrumental ifaçılıq məktəbi, tar və nağaranın möhtəşəm dueti festivala qatılan tamaşaçı və iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Onların Sian Milli İncəsənət Mərkəzi, Sian Milli Teatrında çıxışları tamaşaçıların yaddaşında iz qoyub. Təmsilçilərimiz  parlaq çıxışları ilə bir neçə ölkədən festival dəvəti alıblar.

Qeyd edək ki, “İpək Yolu” festivalının Çinin qədim Sian şəhərində keçirilməsi təsadüfi deyil. Çünki qədim İpək Yolu öz başlanğıcını məhz bu şəhərdən götürüb.  Festivalın məqsədi mədəniyyətlərin mübadiləsi, sülh və dostluğun təbliğidir.

Ölkəmiz bu musiqi bayramında ilk dəfə 2017-ci ildə Sahib Paşazadə və Kamran Kərimovla təmsil olunub.

Lalə