Noyabrın 18-dən Müasir İncəsənət Muzeyində rəssam Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət “Anlam” adlı sərgisi açılacaq.
Sərgidə rəssamın son illərdə yaratdığı 55 rəngkarlıq, 15 qrafik əsəri nümayiş olunacaq.
Bəs niyə “Anlam”? Soltan Soltanlı nə çəkirsə-çəksin, hökmən hər bir əsərdə anlam ifadə edir. Rəssam mövzularını həyatın içindən çıxarır, hadisələrə dərin anlam verir və onları tamaşaçıya qeyri-adi şəkildə təqdim edir.
Sərgidəki əsərlər “Qadın”, “At”, “Xəyali mənzərələr” və “Qarışıq” mövzuları üzrə tamaşaçılara təqdim olunacaq.
Bildirək ki, Soltan Soltanlı 1997-ci ildən bir sıra ölkələrdə beynəlxalq yarışma, festival və sərgilərdə ölkəmizi təmsil edir. Əsərləri dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda qorunur.
Çoxlu beynəlxalq mükafatlara layiq görülən rəssam yüzlərlə sərgidə iştirak edib, əsərləri yüzlərlə kataloqda nəşr olunub.
O, təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələri ilə məşğul olur.
Müasir İncəsənət Muzeyində “Anlam” sərgisi dekabrın 2-dək davam edəcək.