Britaniyada yaşayan azərbaycanlı sərgi kuratoru və rejissor Suad Qaranın quruluş verdiyi “Qarağ” (“Qaragh”) qısametrajlı triller filminin dünya premyerası Bakıda olacaq.

Ekran işi 10-15 noyabr tarixlərində keçirilən XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalında nümayiş olunacaq.

Film festival çərçivəsində noyabrın 14-də nümayiş olunacaq. Nümayişdən sonra rejissorun iştirakı ilə filmlə bağlı müzakirə aparılacaq.

“Qarağ” filmi ruhi rahatlıq tapmaq üçün ucqar doğma kəndində yaşayan anasına baş çəkməyə qərar verən “posttravmatik stress pozğunluğu” xəstəliyindən əziyyət çəkən keçmiş əsgərin hekayəsindən bəhs edir. O, kənddə meşənin ortasındakı XIII əsr qəbiristanlığının içərisində məbədin ətrafında qurulan mistik bahar təmizləmə ritualında iştirak edir və burada sirli kiçik bir qızla qarşılaşır. Bu məsum alter-eqo onu daxili cinləri ilə üz-üzə qoyur. Keçmiş əsgər xilas olmaq üçün çətin bir yola çıxır...  

“Astar Productions”ın istehsalı olan filmdə baş rolu Orxan İskəndərli oynayır.

Suad Qara hazırda “WEMW Trieste Co-Production Forum” üçün seçilən “Hotel Diana” adlı debüt filmi üzərində işləyir.

XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının proqramı burada: https://filmfestival.az/proqram/

Filmlər Nizami Kino Mərkəzində nümayiş olunur.