“Bir kitabxananın tarixi” rubrikası üzrə bu dəfə yolumuzu paytaxtın qocaman mədəniyyət ocaqlarından biri – 95 yaşını qeyd edən Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasından (keçmiş V.Q.Korolenko adına Mərkəzi Şəhər Kitabxanası) saldıq.
Öncədən zəngləşib-vədələşdiyimiz üçün kitabxananın önündə bizi MKS-nin direktoru Rəna Biləndərli qarşılayır. Söhbətimiz ötən əsrin 20-ci illərindən başlayır...
Gənclər üçün yaradılmış ilk kitabxana
Rəna xanım deyir ki, 1921-ci ildə Bakı sakini olan üç ziyalı qadın – azərbaycanlı Nina Yüzbaşova, rus Gülrux Troyanovskaya və yəhudi Sara Rabkinanın səyləri nəticəsində Mərkəzi Şəhər Gənclər Kitabxanası təşkil edilib. Kitabları şəxsi kolleksiyalardan, gimnaziyalardan, mətbəələrdən toplayan bu üç xanım həmin vaxtlarda öz zərif çiyinləri ilə ağır bir yükün altına giriblər. Əsas məqsəd kütləvi savadsızlığın ləğvi, mədəni inkişaf, yetim, kimsəsiz uşaqları kitaba, maarifə cəlb etmək idi.
Kitabxana 1928-ci il noyabrın 25-də rus yazıçı V.Q.Korolenko adına Fəhlə Gənclər Kitabxanası kimi yenidən qurulub: “Bu şərəfli bir tarixdir. Çünki bununla Bakı Sovet İttifaqında və ümumilikdə dünyada gənclər üçün kitabxana yaratmış ilk şəhərlər sırasına daxil olub. Müqayisə üçün qeyd edim ki, Moskva şəhərində belə bir kitabxana 1941-ci ildə qurulub. Ukraynada isə gənclər üçün kitabxana yaradılması prosesi 60-cı illərdə başlanıb. Kitabxanamız 1990-cı ildən V.Q.Korolenko adına Mərkəzi Şəhər Kitabxanası, 2011-ci ildən isə Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası kimi fəaliyyət göstərir”.
80 min nüsxədən çox kitab fondu
Direktor qeyd edir ki, kitabxana əvvəllər Y.Məmmədəliyev küçəsi 8 ünvanında fəaliyyət göstərib. 1974-cü ildə isə hazırkı ünvana köçürülüb.
Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası ilə yanaşı, 6 filialı da fəaliyyət göstərir. MKS-nin ümumi kitab fondu 200 mindən artıqdır. Mərkəzi Kitabxanada isə 80 mindən çox kitab saxlanılır. Fond Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Kitabxana Kollektoru tərəfindən verilən kitablar hesabına zənginləşir. Bundan başqa, oxucular və müəlliflər də kitabxanaya kitablar hədiyyə edirlər. 7 minə yaxın oxucu kitabxananın fondundan istifadə edir: “Hazırda əksər ali təhsil ocaqlarının öz kitabxanaları var. Tələbələr texniki sahə üzrə ədəbiyyatları öz kitabxanalarından əldə edirlər. Ona görə də Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar olaraq çalışırıq ki, fondumuzun əsas hissəsini bədii ədəbiyyat təşkil etsin. Oxucular da bədii ədəbiyyata daha çox maraq göstərirlər”.
Müsahibimiz bildirir ki, kitabxanada Kitabxana Biblioqrafiya Təsnifatı (KBT) təsnifləşdirmə və indeksləşdirmə sistemindən istifadə edilir. Təkcə ötən il kitabxananın fonduna 1400-ə yaxın kitab əlavə edilib. Kitabxananın ayrıca oxu zalı var. Oxucular istədikləri kitabları həm burada, həm də 15 gün müddətində öz evlərində mütaliə edə bilirlər.
Fondda müxtəlif illərdə çap olunmuş kitablarla yanaşı, bu müəssisənin yaşıdı olan nəşrlər də saxlanılır. Metodika şöbəsinin müdiri Şəfa Quliyeva ötən əsrin 30 və 40-cı illərinə aid kitablar haqqında məlumat verir.
Direktor əlavə edir ki, kitabxananın Rusiya və Ukraynada fəaliyyət göstərən bir sıra kitabxanalarla əməkdaşlıq əlaqələri də mövcuddur.
Kitabxana tərəfindən əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər təşkil edilir. Mütaliəyə marağın təşviqi, uşaq və yeniyetmələrin kitabxanalara daha mütəşəkkil cəlb edilməsi məqsədilə layihələr həyata keçirilir. Bütün tədbirlər kitabxananın sosial şəbəkə hesablarında işıqlandırılır: “Bu il ölkəmizdə “Heydər Əliyev İli”dir. Bu münasibətlə silsilə tədbirlərimiz olub, Ulu öndərlə bağlı ayrıca guşə yaradılıb. Bu yaxınlarda “Heydər Əliyev obrazı Azərbaycan poeziyasında” mövzusunda tədbir keçirildi. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti və müstəqillik dövründə dahi şəxsiyyət haqqında yazılmış bədii əsərlər və filoloji araşdırmalar barədə məruzə ilə çıxış etdi. Bundan başqa, kitabxanamızda yazıçı və şairlərlə oxucuların görüşləri təşkil edilir. Xalq yazıçısı Natiq Rəsulzadə, uşaq yazıçıları Sevinc Nuruqızı, Mehriban Nağıyeva və digərləri kitabxanamızın qonağı olub. Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın “Erməni zindanında 8 gün” kitabının təqdimatı da bizim kitabxanada reallaşıb”.
Sonda onu qeyd edək ki, kitabxana həftənin bütün günləri saat 9:00-dan axşam 18:00-dək oxuculara xidmət göstərir.
Kitabxananın bütün kollektivini və oxucularını əlamətdar yubiley münasibətilə təbrik edir, uğurlar arzulayırıq.
Nurəddin