9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin (11-15 noyabr) kataloqunu vərəqləyəndə bir el məsəli yada düşür: mollanı bir gündə iki məclisə çağıranda qanı qaralar. Biz də sərginin gündəliyini işıqlandırmaq məsələsində həmin gündəyik: tədbirlər, görüşlər, təqdimatlar o qədər çox, sərginin proqramı o qədər zəngindir ki, bilmirsən hansında iştirak edəsən.
Sərginin 2-ci günü oxucularımızla mütaliə zövqümüzün üst-üstə düşəcəyi ümidi ilə təqdimat zonalarına, stendlərə yaxınlaşırıq.
İrəvan tarixi foto və sənədlərdə
“Zəfər” təqdimat zonasında “Şərq-Qərb” nəşriyyatı İradə Rizazadənin “İrəvan” kitabının təqdimatını keçirdi. Əvvəlcə nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlı təmsil etdiyi qurum və kitabın müəllifi barədə məlumat verdi. Sonra 1988-ci ildə doğma şəhərini tərk etməyə məcbur qalmış İradə Rizazədə yurd itkisindən dolayı hisslərindən, bu kitabın hasilə gətirmək arzusundan, kitab üzərində çalışmalarından danışdı, nəfis tərtibatlı nəşr üçün “Şərq-Qərb”in kollektivinə minnətdarlığını bildirdi.
Kitabda qədim İrəvanın memarlıq abidələri, tarixi əhəmiyyət kəsb edən bədii-dekorativ sənət nümunələrinin fotoları, şəhərin ziyalı ailələrinin və xan ailəsinin nadir fotoları yer alıb. Mətn Azərbaycan, rus və ingilis dillərində verilib.
Həm Azərbaycanca oxuyaq, həm də rusca…
Sərginin fəxri qonağı Rusiya Federasiyasının geniş stendində ikinci gündə də çox qələbəlik idi. Təxminən 100 kvadratmetrlik sahəni tutan ekspozisiya istər klassik rus ədəbiyyatı, istərsə də çağdaş ədəbiyyat nümunələri ilə zəngindir.
Buradakı görüşlərdən biri kiçik yaşlı oxucuların zövqündə idi. Bəs necə? Mütaliə sevgisi elə əlifbanı tanımaq yaşından, hətta ondan da əvvəl başlayır. Uşaqlar üçün yazan Alyona Kərimova və Anastasiya Strokina öz kitabları barədə, uşaqların mənəvi tələbinə cavab verəcək ədəbiyyat nümunələri yaratmağın zəruriliyi barədə danışdılar. Yeri gəlmişkən, A.Strokinanın müəllifinə şöhrət gətirən “Bayquş canavar” povesti artıq Azərbaycan dilində nəşr olunub. Kitab Qütb dairəsində yaşayan balaca qızla bayquşa oxşayan Bubo adlı müdrik canavarın dostluğundan bəhs edir.
“Ayın qızları”ndan da danışaq
Etiraf edək ki, biz (elə əksəriyyət etibarilə dünya da) ərəb mənşəli (xüsusən də Yaxın Şərq) ədəbiyyatı çox dar çərçivədə streotiplərlə tanıyırıq. “Parlaq imzalar” nəşriyyatı dünya ədəbiyyatında ildırım sürəti ilə parlamış Oman yazıçısı Coxa əl-Harsinin “Ayın qızları” romanını doğma dilimizdə çap edib. Bəs ismi dilimizə yatmayan müəllif kimdir?
Coxa əl-Harsi Böyük Britaniyada, Edinburq Universitetində təhsilini başa vurandan sonra Omana qayıdaraq Maskat Universitetində müəllimliyə başlayıb. “Ayın qızları” romanına görə 2018-ci ildə nüfuzlu Buker mükafatına layiq görülüb. Xanım əl-Harsi bu mükafatı alan ilk ərəbdilli müəllif və əsəri ingilis dilinə çevrilmiş ilk omanlı qadın yazıçıdır.
Sərginin fəxri qonağı ilə görüşə olan böyük maraqdan anlaşılırdı ki, Coxa Əl-Harsinin təzəcə nəşr olunmuş “Ayın qızları” romanı artıq geniş yayılıb. Gerçəkdən də Oman həyatını tamam fərqli tərəfdən göstərən, ölkənin tarixini bir ailənin – üç bacının taleyindən keçirərək təsvir edən romanın uğurunu illər öncə əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” romanının təsir effekti ilə müqayisə etmək olar. Görüşdə öz əsəri barədə danışan xanım əl-Harsi dedi: “Əvvəlcə mənim kitabımı İngiltərənin heç bir nəşriyyatı çap etmək istəmirdi: çünki Avropada belə bir fikir formalaşıb ki, ərəb müəllif öz əsərində mütləq terrordan, müharibədən yazmalıdır, əgər əsərin qəhrəmanı qadındırsa, mütləq onun hüquqları tapdanmalı, vəhşiliyə məruz qalmalıdır...”.
Lakin “Ayın qızları” Oman ölkəsini və insanını tamam fərqli yöndən tanıdır. Həm də Avropa üçün bu tanıtım xoşdur. Əgər belə olmasaydı, xanım əl-Harsinin romanı artıq 24 dilə çevrilməzdi.
Söz sevgimiz çox əhatəlidir
Sərginin proqramında təqdimat zonalarında görüşlər barədə verilmiş məlumatlar, üstəlik, sosial mediada təbliğat, bütün bunlara əlavə olaraq sərgi məkanına metro stansiyalarından pulsuz nəqliyyatın təşkili sərgi iştirakçılarının xeyrinə işləmişdi: kitab satıcıları yaxşı ticarət edirdilər, oxucularla görüşə razılaşanlar da öz oxucuları ilə sıx ünsiyyət qura bilirdilər.
Xalq şairi Ramiz Rövşənlə görüşdə də, Rövşən Abdullaoğlunun “Üzləşmə” kitabının təqdimatında “iynə atsan yerə düşməz” ovqatı hakim idi. Sevindirici hal idi ki, ağsaqqal şairin poeziyası ilə də, filosof, psixoloq yazıçının bestsellərə çevriləcəyi gözlənilən yeni kitabı ilə də maraqlananların əksəriyyəti gənclər idi. Kitabla maraqlanan, mütaliə etmək istəyən gəncliyi görmək xoşdur.
Burbulis, Danilov, Cəfərov…
Sərgi boyunca Rusiya stendində həmyerlimiz, TASS İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusman Rusiyanın tanınmış dövlət xadimi Gennadi Burbilisin “Politsofiya” kitabını təqdim etdi.
V.İ.Dal adına Rus Ədəbiyyatı Tarixi Muzeyinin direktoru Dmitri Bak görkəmli rus yazıçısı Andrey Platonovun “Çevənqur” romanının Azərbaycan dilinə tərcüməsi münasibətilə “Andrey Platonov – dövrlərin dönüş nöqtəsində olan yazıçı” məruzəsi ilə çıxış etdi. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Rusiya Tərcümə İnstitutu ilə birgə həyata keçirdiyi layihədən, “Aydınların zamanı” silsiləsindən daha bir nəşrdir.
Ərazicə böyük ölkələrdə mədəniyyətin əsas problemlərindən biri, fizika termini ilə ifadə etsək, mərkəzəqaçma, yoxsa mərkəzdənqaçma məsələsidir. Rusiyada hər kəsin, o cümlədən ədəbiyyat insanlarının paytaxtda, yoxsa paytaxtdan uzaqda yaşayıb yaratması problemi mövcuddur. Yazıçılar Aleksey Salnikov və Dmitri Danilov da bu xüsusda ürəklərini Bakıda boşaltdılar.
Rusiya stendinin növbəti tədbiri isə Azərbaycan oxucusuna hesablanmışdı. Rusiyada yaşayan Azərbaycan kökənli gənc yazıçı Rəhim Cəfərov çapdan çıxan kimi böyük maraq doğurmuş “Onun son günləri” və “Sato” kitabları barədə danışdı. Yeri gəlmişkən, beş yaşlı Kostyanın psixoloji problemlərindən bəhs edən “Sato” romanı əsasında çəkilmiş 8 bölümlü serial bu ilin yanvar ayında Rusiya teleməkanında yayımlanıb.
Hələlik Azərbaycan oxucusu Rəhim Cəfərovun əsərlərini doğma dildə oxumaq imkanından məhrumdur. Ümidvarıq ki, hələlik…
Ümidlərimizin cücərdiyi şəhər – Şuşa
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə dost ölkədən aldığımız məlumatlar əsasında çox xəbərlər vermişik. Bu dəfə isə AMM öz fəaliyyətinin bəhrəsini Bakıda kitab sərgisində təqdim etdi. Beş dildə çap edilmiş “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabı barədə mərkəzin əməkdaşı Kərimulla Məmmədzadə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, dünya şöhrətli foto ustası Reza Deqati, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, özbəkistanlı şair, naşir Muhiddin Omonov çıxış etdilər...
***
9-cu Bakı Beynəlxalq Kitab Sərgisində bu gün (15 noyabr) son gündür. Təəssüratımız isə davam edəcək...
Gülcahan Mirməmməd