XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başa çatır

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin rəsmi tərəfdaşlığı ilə 10-15 noyabr tarixlərində XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı (BBQFF) keçirilir.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi ənənəvi festival Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Counsil”, Azərbaycan Prodüserlər Gildiyası və Yunus Əmrə İnstitutunun dəstəyi ilə gerçəkləşir.

Noyabrın 10-da Nizami Kino Mərkəzində festivalın açılış mərasimi olub.

BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şamıyev festival haqqında məlumat verib. Qeyd edib ki, builki festivala 78 ölkədən 704 film təqdim olunub. Seçim komissiyasının qərarına əsasən, 32 ölkəni təmsil edən 42 film festivalın beynəlxalq, 17 film “Asiya istedadları” müsabiqələrində, 26 film isə yerli müsabiqədə iştirak hüququ qazanıb. Filmlər festivalın əsas mükafatı – “Qızıl nar” uğrunda yarışacaqlar. Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 3 film yer alıb.

Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov mədəniyyətimizin təbliğində kinonun əhəmiyyətindən söz açıb, təşkilatçılara təşəkkürünü bildirib, festivalın işinə uğurlar arzulayıb.

“Azərbaycan kinosunda peşəkar kadrların yetişdirilməsində göstərdiyi xidmətlərə görə” Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev, “Azərbaycan kinosunda dublyaj sahəsindəki xidmətlərinə görə” Əməkdar artist Nəcibə Hüseynova və “Azərbaycanda müəllif kinosunun inkişafındakı xidmətlərinə görə” AzTV-nin “Azərbaycantelefilm” yaradıcılıq birliyinin rəhbəri Əməkdar incəsənət xadimi Elçin Musaoğlu “Qızıl nar” mükafatı ilə təltif olunublar.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld festivalda ölkəsinin filmlərinin nümayişini təşkil etdiyinə görə “British Counsil”a təşəkkürünü bildirib.

Diqqətə çatdırılıb ki, bu il beynəlxalq müsabiqənin filmlərini “Qızıl pəri” mükafatçısı, filmləri Rotterdam, Kinoşok, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda mükafatlar qazanan Yavər Rzayev, Kann mükafatçısı, Moskva, Tokio festivallarının baş mükafatçısı, rejissor Rza Mirkərimi, Berlinale mükafatçısı, Moskva, Avrasiya, Varşava film festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov, tanınmış ssenarist Rulof Yan Minnebu qiymətləndirəcək.

Açılış mərasimində festivala təqdim edilən yerli və xarici filmlərdən kadrların yer aldığı videoçarx nümayiş olunub. “Azərbaycan” qrupu tərəfindən musiqili proqram təqdim edilib.

Sonda “Oskar” və “Bafta” mükafatçısı “İrlandsayağı vida” (rejissorlar Tom Berkeley, Ross White) filmi nümayiş etdirilib.

Festivalın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.

Xatırladaq ki, festivalın media tərəfdaşları arasında “Mədəniyyət” qəzeti də var.

Nurəddin