“Sərgi kitab nəşri sahəsində yeni əməkdaşlıqlara yol açır”

 

Bakı Ekspo Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan IX Bakı Beynəlxalq Kitab Sərgisində 11 xarici ölkədən yazarlar, tərcüməçi və naşirlər iştirak edirlər.

Sərginin bir neçə qonağının təəssüratını öyrəndik.

 

Vitali Rodin (Sankt-Peterburqdakı “Gənc ana” nəşriyyatının rəhbəri, Rusiya):

– İlk dəfədir Bakı sərgisinə qatılırıq. Sərgi, şəhər, insanların sərgiyə marağı çox xoşuma gəldi. Nəşriyyatımız gənc analara məsləhət tipli çap məhsulları, fotoalbomlarla fəaliyyətə başlayıb. Daha sonra analara məsləhət kitabları və uşaqlar üçün hekayə kitabları nəşr olundu. Hazırda biz həm gənc analar, həm də azyaşlılar üçün maraqlı kitablar nəşr edirik. Geniş auditoriyamız var. Bakıda da kitablarımıza olan maraqdan şad olduq.

 

Muhiddin Omonov (Özbəkistan Dövlət Nəşriyyatının baş redaktoru):

– Özbəkistandan gələn naşirlərin adından Azərbaycana təşəkkür edirəm. Bakı sərgisinə artıq səkkizinci dəfədir qatılırıq. Bu il biz daha böyük qürur və sevgiylə Azərbaycana gəlmişik. Çünki Azərbaycan öz torpaqlarını azad edib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Sərgidə 300 adda kitablarla iştirak edirik. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2019-cu ildə türk dövlətləri başçılarının Bakıda keçirilən zirvə toplantısında irəli sürülən təkliflər əsasında “Türk ədəbiyyatının inciləri” adlı 100 cildliyin hazırlanması və nəşri ilə bağlı sərəncam vermişdi. Bu sərəncama uyğun olaraq çap edilmiş türk xalqlarının şair və yazıçılarının özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyasını təqdim edirik. Çoxcildliyin 16 cildi Azərbaycan müəlliflərinin əsərlərini əhatə edir. Nizami Gəncəvidən müasir ədiblərə qədər 180 yazarın əsərləri yer alıb. Kitablar arasında 130 şair və 50 nasirin əsərlərindən seçmələrin toplandığı iki antologiya da var.

Bu sərgi xalqlarımızın yaxınlığını, birliyini, qədim tellərlə bağlılığını əks etdirən nüanslarla boldur. Biz özbək xalqı olaraq öz dövlət rəhbərimizlə necə fəxr ediriksə, Azərbaycan xalqının da öz dövlət başçısının ətrafında necə möhkəm birləşdiyini, çoxsaylı mədəni təşəbbüslərlə Türk dünyasında çıxış etdiyini görür və qürur duyuruq.

 

Olqa Nikolayeva (Samara şəhərində nəşriyyat redaktoru, Rusiya):

– Yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edirəm. Sərgidə bir sıra ölkələrin iştirakı bizə də maraqlıdır. Çoxsaylı ölkələrin belə bir sərgidə bir araya gəlməsi kitab nəşri sahəsində yeni əməkdaşlıq əlaqələrinə yol açır. Məsələn, sərgi məkanında stendimizin yanında Meksikanın, qarşımızda isə Özbəkistanın stendidir. Burada xalqların dostluğunu görürük. Bakı da bizi səmimi qarşıladı. Hava günəşlidir, insanlarınız mehriban. Hazırda Rusiyada qar yağır...”.

Lalə Azəri