Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 33 nömrəli Uşaq musiqi məktəbində görkəmli bəstəkar, pedaqoq, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Arif Məlikovun (1933-2019) 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə bəstəkarın bənzərsiz yaradıcılıq nümunələrindən danışılıb. Bildirilib ki, A.Məlikov çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib. Onun yaradıcılığında kinofilmlərə və teatr tamaşalarına yazdığı musiqilər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Əsərləri dünyanın bir çox ölkələrində, məşhur konsert salonlarında, tanınmış musiqiçilər tərəfindən ifa olunur. Bəstəkarın xüsusilə “Məhəbbət əfsanəsi” baleti müəllifinə dünya şöhrəti qazandırıb.

Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.