Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın 2021-ci ildən birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək!” kampaniyası davam edir. Kampaniyaya dəstək məqsədilə daha bir tədbir noyabrın 15-də IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov üç ildir davam edən kampaniya barədə məlumat verib. Otuzillik erməni işğalı dövründə 4,6 milyon nüsxə fondu olan ümumilikdə 975 kitabxananın dağıdıldığını deyən direktor bildirib ki, bu layihənin əsas məqsədi azad olunmuş ərazilərimizdə yenidən qurulacaq kitabxanalar üçün kitab toplamaqdır. Ötən müddətdə kampaniya çərçivəsində 130 min nüsxə kitab toplanıb.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və Xalq yazıçısı Elmira Axundova layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, respublikamızın ayrı-ayrı nəşriyyatları da kampaniyaya qoşularaq kitablar hədiyyə edirlər. Bu baxımdan IX Bakı Beynəlxalq Kitab Sərgisi də “Qarabağa kitabla gedək!” kampaniyasına dəstək üçün mühüm fürsətdir.